DMX yanında İctimai Şuranın işçi qrupunun növbəti iclası keçirilib - FOTO

QHT.az xəbər verir ki, DMX yanında İctimai Şuranın işçi qrupunun növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın Miqrantlar üçün tibbi və sosial təminatın təşkili üzrə İşçi Qrupunun rəhbəri Səbinə Kərimova rəhbəri olduğu işçi qrupuna xətti ilə keçirilən fəaliyyətlər barədə danışıb və son aylar görülən işlər haqqında qısa məlumat verib.

O, bildirib ki, ölkə ərazisində yaşayan əcnəbilərdən tibbi məsələlərlə bağlı daxil olan müraciətlərin düzgün istiqamətləndirilməsi, həmin kateqoriyadan olan şəxslərin tibbi və sosial xidmətlərə çıxışının təmin olunması, bu kimi məsələlərdə onlara zəruri dəstəyin göstərilməsi İşçi Qrupunun əsas fəaliyyət istiqamətləridir. Həmin işlərin effektiv həyata keçirilməsi miqrantların hədəf qrupları ilə sıx əlaqələrin qurulması və onların bu sahədə ehtiyaclarını mütəmadi olaraq öyrənilməsini zəruri edir.

Bildirilib ki, miqrantların tibbi və sosial təminatı sahəsində həyata keçirilən işlər əsasən həmin şəxslərin geniş şəkildə maarifləndirilməsi ilə əlaqədar olub. Ehtiyac yarandıqda onlara müəyyən dəstəklər göstərilib və müraciətləri İctimai Şura vasitəsilə DMX rəhbərliyinin diqqətinə çatdırılıb. Bununla yanaşı S.Kərimova müsbət həllini tapan bir sıra müraciətlər barədə da məlumat verib.
İclasda iştirak edən qeyri-hökumət təşkilatlarının təmsilçiləri DMX rəhbərliyinin ictimai iştirakçılığa önəm verdiyini və Xidmət yanında fəaliyyət göstərən İctimai Şura ilə daima sıx təmasda olduğunu yüksək qiymətləndiriblər. Çıxışçılar bununla yanaşı həm də İctimai Şuranın da aktiv fəaliyyətini xüsusi vurğulayıblar.

İclasın sonunda İşçi Qrupunun çevik və operativ fəaliyyətinin təmin edilməsi məqsədilə bir sıra təkliflər irəli sürülüb və qərara alınıb ki, iş planında əksini tapan bütün fəaliyyətlər qrup üzvlərinin iştirakı ilə əlaqələndirilmiş şəkildə həyata keçirilsin.