QHT Agentliyin nümayəndə heyəti BMT İnkişaf Proqramının Cenevrə ofisinin direktoru ilə görüşüb - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti Cenevrədə BMT-nin İnkişaf Proqramının Cenevrə ofisinin direktoru xanım Aqi Vereslə görüşüblər.
QHT.az xəbər verir ki, ilk olaraq Agentliyin icraçı direktoru Aygün Əliyeva Azərbaycan vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti, qrant müsabiqələri, QHT-lərin beynəlxalq əməkdaşlıqları haqqında məlumat verib. O bildirib ki, ötən il Agentlik və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisi arasında imzalanan Memorandumun əsas məqsədlərindən biri Azərbaycanda donor qismində fəaliyyət göstərən BMT təsisatları ilə yerli QHT-lərin əlaqələrini gücləndirməkdir.
Nümayəndə heyətini BMT-nin İnkişaf Proqramının Cenevrə ofisində görməkdən məmnunluq duyduğunu bildirən Aqi Veres qeyd olunan istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsini dəstəkləyib. O bildirib ki, BMT-nin İnkişaf Proqramı hər zaman QHT-lərin bilik və bacarıqlarının artırılması, müxtəlif mövzularda layihələrin icrasını dəstəkləyib və Davamlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində üzv dövlətlərin vətəndaş cəmiyyəti təsisatları ilə sıx əməkdaşlıq edib.