BMT İnkişaf Proqramının qrant müsabiqəsinin qalibləri  ilə görüş keçirilib - VİDEO

Martın 17-də Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT İnkişaf Proqramı tərəfindən Şərq Tərəfdaşlığı ölkələri ərazisində icra edilən “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramı çərçivəsində seçilmiş Azərbaycan altı yerli özünüidarəetmə orqanının nümayəndələri ilə görülmüş işlər barədə görüş keçirilib.

QHT.az AZƏRTAC -a istinadən xəbər verir ki, görüşdə çıxış edən BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan üzrə rezident nümayəndəsi vəzifəsini icra edən Nuno Keyroş bildirib ki, bu təşəbbüs Azərbaycanda yerli özünüidarəetmə orqanlarına ünvanlanan bir ilkdir. Qeyd edib ki, layihənin Azərbaycana gətirdiyi innovativ yanaşmalar – Portfel Səyahəti və Şəhər Transformasiyası - ənənəvi layihə idarəçiliyindən daha geniş sistematik dəyişikliklərə keçmək və sakinləri diqqət mərkəzində saxlamaq istiqamətində işlərini davam etdirəcək.

 

BMT İP-nin İstanbul Regional Mərkəzindən “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” layihəsinin regional layihə rəhbəri Tina Stoum çıxışında deyib: “Azərbaycanda bu layihəyə bir ildir başlamışıq. Bu layihə yeni düşüncənin, yeni metodların təqdim edilməsi ilə bağlıdır”.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Elmin Həsənov çıxışında bu layihənin önəmini vurğulayaraq deyib: “Bu layihə ədliyyə nazirliyinin diqqət mərkəzindədir. Layihə Milli Məclisdə xüsusi olaraq müzakirə edilib”.

“İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” layihəsinin rəhbəri Cavid Məmmədov hər istiqamətdə fəaliyyət göstərdiklərini və Azərbaycanın hər tərəfini əhatə edəcəklərini bildirib. O deyib: “Bizimlə olan bələdiyyə və yerli özünüidarəetmə orqanlarının təcrübələrini bölüşəcəyik. Biz artıq layihələr və istiqamətlər üzrə işləməyə başlamışıq”.

Görüşdə Avropa İttifaqının və BMT İnkişaf Proqramının Azərbaycan və İstanbul Regional Ofislərinin nümayəndələri tərəfindən qiymətləndirilərək seçilmiş “Portfel Səyahəti” üzrə Xırdalan şəhər bələdiyyəsi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Şəhər Transformasiyası” üzrə isə Mingəçevir, Naftalan, Səbail və Urva bələdiyyələri iştirak ediblər.

Qeyd edək ki, inkişaf layihələrini maliyyələşdirmək üçün 4 bələdiyyə - Naftalan, Mingəçevir, Urva (Qusar rayonu) və Səbail bələdiyyələri hər biri 60 min avro, Xırdalan və İçərişəhər bələdiyyələri isə hər biri 240 min avro məbləğində qrant qazanıblar.

“İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” proqramı Azərbaycanda 2022-ci ilin martında fəaliyyətə başlayıb və proqrama Azərbaycan üzrə 55 yerli özünüidarəetmə üzv olub.