Xatirə Fərəcli: Cəmiyyətin inkişafında QHT-lərin rolu

QHT-lərin fəaliyyəti inkişaf edən, yeniləşən cəmiyyətin təməl prinsipləri ilə ali məqsədləri arasında ən uğurlu körpülərdən biridir.

 

 

Azərbaycan ölkə anlamında coğrafi məkan kimi Şərqlə Qərbin qovşağında yerləşdiyi üçün cəmiyyətimizin kompleks inkişafında milli dəyərlərlə yanaşı Şərq və Qərb dəyərlərinin də rolu vardır. Bu eyni zamanda müasir dünyaya inteqrasiyanın çağdaş mərhələsini şərtləndirən amillərdəndir. Belə ki, cəmiyyətin inkişaf sütunları hesab edilən Qeyri-Hökumət Təşkilatlarının (QHT) Beynəlxalq Təşkilatlarla birgə əməkdaşlığı müasir dünyada bir ölkənin dünya ilə inteqrasiya məsələlərində mühüm rol oynayır. Hələ XX əsrin əvvəllərində cəmiyyət bir insan orqanizminə bənzədilirdi. Bu fikrin əsas müəlliflərindən biri olan ingilis filosofu Herbert Spenserə görə: “İnsan bədəni düzgün və sağlam olması üçün gərək onun bütün bədən üzvləri qaydasında işləsin. Həmçinin cəmiyyətin də düzgün funksiya göstərməsi üçün gərək cəmiyyəti əmələ gətirən bütün hissələr normal formada işləsin”. Spenserin bu ideyalarını daha da inkişaf etdirərək sosiologiya elmində struktur funksionalizmin nümayəndələri kimi tanınan Talcott Parsons, Robert Bales və başqaları cəmiyyətin 8 hissədən ibarət olduğunu irəli sürdülər. Bu hissələr dövlət, ailə, iqtisadiyyat, din, media, məhkəmə sistemi, təhsil və səhiyyə sistemidir.

Cəmiyyət açıq şəkildə insanlardan və təşkilat formasında yuxarıda adı çəkilən sistemlərdən ibarət olduğu üçün cəmiyyətin inkişaf tendensiyasını şərtləndirən amillərdən biri də könüllülük prinsipinə əsaslanan Qeyri-Hökumət Təşkilatlarının 8 sistemin təyinatına uyğun olaraq qeyri-dövlət sektoru sahəsində ictimai-sosial layihələrlə çıxış etməsidir.

Mən deyərdim ki, QHT-lərin əsas qayəsi dövlətimizin qeyri-hökumət sektoru sahəsində yürütdüyü məqsədyönlü siyasətin fəal iştirakçısı olmaqla yanaşı, eyni zamanda da bu istiqamətdə dövlətimizə, xalqımıza xidmətin bir halqası olmalıdır. Məncə, QHT-ləri sosial cəmiyyətin inkişaf sütunları kimi qiymətləndirmək ən ideal münasibətlərdən biridir. Bunun ən yaxşı formasını daha gözəl bilən hörmətli prezidentimiz cənab İlham Əliyev ölkəmizdə donor təyinatlı Beynəlxalq Təşkilatların şəffaf fəaliyyətinə həm hüquqi zəmin yaratdı, həm də cəmiyyətin sosial inkişafı naminə QHT-lərin aktivliyinin intensivləşdirilməsi məqsədi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini yaratmaqla vətəndaş cəmiyyətinin formalaşmasında sosial dayaqları daha da möhkəmləndirdi.

Bunu da qeyd edim ki, cəmiyyətin sosial sferasını tənzimləyən ən uğurlu formuladan biri QHT-lərin aktiv fəaliyyətidir.

 

Təqdir olunası haldır ki, son dövrlərdə cəmiyyətin ayrı-ayrı sahələrinin təyinatına uyğun QHT-lərin yaranması cəmiyyət üçün ixtisaslaşmış gənc kadrların yetişməsində öz töhfəsini verir. Nəzərə alsaq ki, hər gün dəyişən, inkişaf edən dünyada yaşayırıq, QHT-lərin ümumiləşmiş deyil, məhz ixtisaslaşmış fəaliyyəti ayrı-ayrı sahələrin inkişafında daha çox fayda verə bilər. Çünki inkişaf etmiş vətəndaş cəmiyyəti ixtisaslaşan, sənətləşən cəmiyyətin üstündə formalaşan bir cəmiyyətdir. Əsrimiz vətəndaş cəmiyyəti və texnologiyalar əsri olduğundan ölkəmizin milli-mənəvi, sosial dəyərlər bucağından dünya ilə inteqrasiyasında QHT-lərin rolu danılmazdır.

Beləliklə, deyə bilərik ki, QHT-lərin fəaliyyəti inkişaf edən, yeniləşən cəmiyyətin təməl prinsipləri ilə ali məqsədləri arasında ən uğurlu körpülərdən biridir.

 

Xatirə Fərəcli.

“Mədəni İnkişafın Təbliği” İB-nin sədri. Şair