Biləsuvarda Azərbaycan Gənclər Fondunun dəstəyi ilə təşkil edilən ekoloji maarifçilik və ekofəallıq layihəsi yekunlaşıb

Ötən gün Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation-nun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Qrant müsabiqəsinin qalibi olan «Biləsuvarda ekoloji könüllülüyün təbliği və ətraf mühitin qorunmasında gənclərin rolunun artırılması» layihəsinə yekun vurulub. Layihə çərçivəsində fondun maliyyə dəstəyi ilə Biləsuvar şəhərində məktəbli yeniyetmə və gənclərlə 3 görüş və 1 intensiv təlim keçirilib.

 

Layihə rəhbəri Pərvin İsgəndərova görüş iştirakçılarını salamladıqdan sonra, layihəni maliyyələşdirən Azərbaycan Respublikasının Gənclər Fondu və həyata keçirilən layihənin məqsədləri haqqında məlumat verib. Layihənin tərəfdaşı VİTA İB-nin sədri Asif Orujlu Biləsuvarda ekofəallığın artmasının və müxtəlif resursların bölgədə və eləcə də bütün ölkə ərazisində ətraf mühitin qorunması üçün səfərbər edilməsinin önəmini vurğulayıb. VİTA İB-nin idarə heyətinin üzvü Fərid Rustamzadə iqtisadi səmərəliliyin təmin edilməsi üçün “yaşıl iqtisadiyyat” prinsiplərinin bölgələrdə də tətbiqinin və eyni zamanda ətraf mühitin qorunması sahəsində dövlət tənzimlənməsinin vacibliyindən danışıb. Görüşlər zamanı iştirakçılarla birlikdə bölgədə mövcud olan müxtəlif ətraf mühit problemlərindən bəhs edilib, fikir mübadiləsi aparılıb və bir neçə təklif irəli sürülüb.

 

3 gün ərzində görüşlərdə iştirak edən gənclərdən ən fəal 22 gənc seçilərək onlara “Ekoaktivizm və onun əsasları” mövzusunda 1 günlük intensiv interaktiv təlim keçilib. Təlimçi Macarıstanın Korvinus Universitetinin ətraf mühit iqtisadiyyatı üzrə məzunu, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, ornitoloq ekoaktivist Zülfü Fərəcli olub. Təlimdən öncə və sonra qiymətləndirmə sorğusu keçirilib. Təlimdə fəal iştirak edən gənclər rəsmi sertifikatla təltif edilib.

 

İştirakçılar arasından seçilmiş gənc fəallardan ibarət Bolqarçay Ekoloji Klubu yaradılıb. Qeyd edək ki, Bolqarçay Ekoloji Klubu təbiətin, çevrənin və ekosistemin qorunması üçün çalışan sosial təşəbbüsdür.

 

Layihənin həyata keçirilməsinə təşkilati dəstək VİTA ictimai birliyi, Biləsuvar Gənclər evi, Biləsuvar Gənclərinin İnkişaf və Karyera Mərkəzi və eləcə də Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən göstərilib.