"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İB yeni layihənin icrasına başlayır

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyi Koreya Respublikası  tərəfindən  İnsan Təhlükəsizliyinin Artırılması üçün Beynəlxalq İnam Fondu təşkilatı vasitəsilə göstərdiyi maliyyə dəstəyi ilə “Mina qurbanları üçün iqtisadi imkanların yaradılması - Faza 2” adlı layihənin icrasına başlayır.

 

Bu layihənin məqsədi Azərbaycanın minalardan zərər çəkmiş rayonlarında yaşayan mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasını dəstəkləmək üçün alətlər təqdim etməklə kiçik biznesin yaradılması mexanizminə maddi vəsaiti təmin etməkdən ibarətdir.

 

Bu layihə yoxsulluğun azaldılması (ailə gəlirinin artırılması), gender bərabərliyi (qadınların kişilərlə bərabər bütün layihə fəaliyyətlərində iştirakını təmin etmək), uşaqların müdafiəsi və sağlamlığı (mina qurbanlarının ailələrində adətən 2-3 uşaq olur) kimi bir neçə əsas sektoru əhatə etmək potensialına malikdir; ailə gəlirinin artması onlar üçün səhiyyə, təhsil, qidalanma və s. kimi daha yaxşı imkanlara səbəb olacaq, özəl sektorun və kiçik biznesin inkişafı və icmalarda iş yerlərinin yaradılmasına gətirib çıxaracaqdır.

 

Layihə Füzuli, Ağdam, Ağcabədi, Tər-tər və Tovuz rayonlarında həyata keçiriləcək.

 

Layihənin icra müddəti 4 aydır.