Lənkəran şəhər Polis şöbəsinin müstəntiqləri və təhqiqatçıları üçün təlim keçirilib - FOTO

Mayın 24-də Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran şəhər Polis şöbəsinin müstəntiq və təhqiqatçıları üçün təlim keçirilib. Təlim İnsan Hüquqları üzrə Avropa Konvensiyasının (IHAK) 5-ci maddəsində təsbit edilmiş “Azadlıq və şəxsi toxunulmazlıq hüququ”na dair müddəaların tətbiqi mövzularını əhatə edib.

QHT.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis kapitanı Vüqar Əmirov təlimi giriş nitqi ilə açaraq qonaqları salamladı, İnstitutun təlimçilərini mütəmadi olaraq regionlarda görməkdən məmnun olduğunu bildirdi. O, bu təlimlərlə bağlı İnstitut rəhbərliyinin təşəbbüsünü yüksək dəyərləndirdiyini vurğulayaraq, hər zaman əməkdaşlığa açıq olduqlarını diqqətə çatdırdı.

Təlimin açılışında İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə İnstitutun fəaliyyət istiqamətləri, qarşıda duran perspektivlər barədə, eləcə də, təlimin gedişatı və strukturu haqqında geniş məlumat verdi, təlimlərin keçirilməsi üçün yaradılmış şəraitə görə DİN-in rəhbərliyinə minnətdarlığını bildirdi. Sədr bu cür təlimlərin keçirilməsinin hər iki qurum arasındakı əməkdaşlığa  töhfə verəcəyinə əminliyini qeyd etdi.

Sonra İnstitutun İdarə Heyətinin sədr müavini Natəvan Rüstəmova “İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsi və dövlətin vəzifələri”, Azadlıq və toxunulmazlıq hüququnun məhdudlasdırılması”, “5-ci maddə üzrə Azərbaycana qarşı çıxarılan qərarlarda ən çox tanınan pozuntular” haqqında təqdimatla çıxış etdi. Təqdimatda 5-ci maddənin əsas prinsipləri və tətbiq edilən əsas meyarlar, “qanunçuluq” anlayışının mahiyyəti, pozitiv və neqativ öhdəliklərin əsas xüsusiyyətləri, həmçinin Avropa Insan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı qərarlarında 5-ci maddə üzrə pozuntunun tanınması statistikası əks olunmuşdur.  

Hüquq eksperti Vəfaddin İbayev qanunvericilik və məhkəmə təcrübəsindəki dəyişikliklərin azadlıq hüququnun təmin edilməsində əhəmiyyətindən bəhs etdi, təcrübədə mövcud olan problemlər və onların həlli ilə əlaqədar tövsiyələr səsləndirdi. Ekspert qanunvericilikdə dəyişikliklərlə bağlı bir sıra təkliflər, həmçinin, azadlıq və toxunulmazlıq hüququ sahəsində aşkar edilmiş pozuntular barədə ətraflı şərhlər verdi.

Sonda 5-ci maddə üzrə kazusların qrup şəklində həlli və təqdimatları keçirildi, mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı. Eyni zamanda, təlim iştirakçılar tərəfindən qiymətləndirildi. Təlimdə iştirak edən 22 polis əməkdaşına sertifikatlar təqdim olundu.