Baş Qərargah rəisi Pakistan Xüsusi Xidmətlər Qrupu diviziyasında olub

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin Xüsusi Xidmətlər Qrupu (SSG) diviziyasında olub.

SSG diviziya komandiri general-mayor Adil Rəhmani nümayəndə heyətinə diviziyanın təyinatı və təlim prosesi haqqında ətraflı məlumat verib. Bildirilib ki, diviziyanın şəxsi heyəti xüsusi təyinatlılardan ibarətdir və əsasən əks-terror, mühüm hədəflərin aşkar edilməsi, girovların azad edilməsi, informasiya, psixoloji və bir sıra digər xüsusi əməliyyatlara cəlb olunur.

Sonra SSG-nin təlim ərazisi ilə tanışlıq keçirilib, diviziyanın sərəncamında olan silah və texnika, habelə digər hərbi təyinatlı vasitələr nümayəndə heyətinə nümayiş etdirilib.

Sonda general-polkovnik K.Vəliyev SSG diviziyasının Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Görüşdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Xəzər Fərhadov da iştirak edib.