“Bu meyvələrin tərkibində həddən artıq alergik elementlər çoxdur” – AÇIQLAMA

Allergiya hər zaman həyatımızda olub, lakin son zamanlar ətrafımızda bu məsələ ilə bağlı şikayətləri daha çox eşidirik. Bəzi insanlar çiçək tozlarına, bəziləri müxtəlif qidalara, bəziləri heyvan tüklərinə, bir sözlə, demək olar ki, hər kəsin nəyəsə qarşı allergiyası var. 

Orqanizmin xüsusi bir maddəyə qarşı göstərdiyi reaksiya tibb elmində allergiya adlanır. Allergiya bir xəstəlik yox, immunitet sisteminin zəifliyidir.

Həkim –pediatr Aygün Cəfərli QHT.az- a açıqlamasında bildirib ki, elə uşaqlar var ki, mövsümü meyvə-tərəvəzlərin yeyilməsi ilə əlaqədar bədənlərində alergik reaksiyalar baş verə bilər: “Mövsümə aid olmayan meyvə-tərəvəzləri yeyəndə də bəzən mədə-bağırsaqda, həzm sistemində pozğunluqlar əmələ gəlir. Yaz dövründə çiçəklərin tozlanması ilə əlaqədar olaraq uşaqlarda tozcuqlara qarşı alergiya baş verir. Belə uşaqların ətraf mühüti təmiz olmalıdır ki, bu alergik proseslər baş verməsin. Günəşin altında da alergiyaya məruz qalmaq olur. Çiyələk, süd və süd məhsulları, araxis, portağal, yemiş yeyilməsi onlarda alergiyaya gətirə bilər. Çünki bu meyvələrin tərkibində həddən artıq alergik elementlər çoxdur. Qarşısını almaq üçün mövsümə uyğun meyvə tərəvəzlə qidalanmalı, sərin su içilməsi, təmiz pambıq parçadan paltarlar geyinilməsi məsləhətdir”.

Həkim –pediatr həmçinin qeyd edib ki, elə insanlar var ki, onlarda alergiya daimi olur, tutmaşəkilli öskürəklər, burun qaşınmaları, burundan suyun, mayenin axılması kimi hallar baş verir. Belə insanlar mütləq antihistamin (Allergiya əleyhinə) dərman preparatlarının təsiri altında olurlar.

Qeyd edək ki, allergik reaksiya olduğunda bədənimiz histamin adlı bir maddə sərbəst buraxır. Histamin, bədənimizdəki bəzi hüceyrələrdəki reseptorlarla birləşdikdə alergiya simptomlarına səbəb olur. Antihistamin dərmanlar müəyyən hüceyrə reseptorlarında histaminin təsirlərini azaldaraq işləyir.

 

 

Pərvanə Fərhadqızı