Yazıçı Qafar Cəfərlinin "ÖMÜR YOLU" kitabı işıq üzü görüb

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Qafar Cəfərlinin "ÖMÜR YOLU" kitabı işıq üzü görüb.

QHT.az xəbər verir ki, 65 illik yubileyinə həsr olunan 514 səhifəlik rəngli formatda nəşr olunan bu kitabda "Ömür yolu" avtobioqrafik romanı, ölkənin və regionun tanınmış söz adamlarının nəsrlə və nəzmlə yazıçıya ünvanlanan yubiley təbrikləri, ömrünün 65 ilində müxtəlif səpkili 65 suala cavabları, yubiley öncəsi müsahibələri, romanda barəsində söz açdığı hadisələrlə bağlı qələmə aldığı hekayələr və xatirələr, həmçinin həyatının müxtəlif anlarını əks edən foto-şəkillər yer alıb.

Yazıçı Qafar Cəfərli: "Kitabda həyatımın müxtəlif dönəmində eşitdiyim və iştirakçısı olduğum çoxlu sayda maraqlı, gülməli hadisələr, həmçinin bölgə ədəbi mühitinin mövcud durumu, problemlər və vəzifələrlə bağlı fikir və düşüncələrim yer alıb. Kitabın hazırlanmasında və nəşrində zəhməti olan hər kəsə təşəkkür edirəm”.

Məlumat üçün bildirək ki, yazıçı Qafar Cəfərli Lənkəran rayonu Viyən kəndində anadan olub. 1-ci Qarabağ müharibəsi veteranıdır. AYB və AJB-nin üzvüdür. 2018-ci ilin Prezident təqaüdçüsüdür. 2020-ci ilin avqust ayından Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Zona Bölməsinin sədridir.

 

Pərvanə Fərhadqızı