Şəhid Rəşad Quliyevin "Xatirə gecəsi" keçirilib

Bakı şəhər A.S.Xəlilov adına 263 saylı tam orta məktəbin Akt zalında 2-ci Qarabağ Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Polkovnik Leytenant Quliyev Rəşad Rəşid oğlunun əziz xatirəsinə həsr edilmiş "Xatirə gecəsi" keçirilib.

Bu barədə "Sosial Dövlət Naminə" İctimai Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri İlahə Məmmədova QHT.az-a bildirib. O, qeyd edib ki, tədbirdə "Sosial Dövlət Naminə" İctimai Birliyinin sədri Faiq Əhmədov YAP-ın Xətai rayon təşkilatının və İcra Hakimiyyətinin məsul şəxsləri iştirak edib. Faiq Əhmədov dövlət və QHT- lərə bu tədbirlərlə bağlı hazırlıq işlərinə görə təşəkkürünü bildirib: “Belə filmlər azdır. Gələcək nəsillərə nümunə olaraq işıqlandırılmalıdır. Rəşad qardaşımız ömrünün 80 % - ni hərbidə keçirib. 16 il hərbidə xidmət etmiş 37 yaşında Palkovnik- Leytenant rütbəsinə yüksəlib. Qoy millətdə ruh yaşasın! Şəhidlərimizi unutmamalıyıq ki, biz də unudulmayaq”.

Məlumat üçün bildirək ki, Quliyev Rəşad Rəşid oğlu 23 sentyabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Əslən Quba şəhərindəndir. 2008 – ci ildə “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, 2014-cü ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 2016-cı ildə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları, 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, 2019-cu ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif edilib.

Respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rəşad Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” dalı ilə təltif edilib.

 

Pərvanə Fərhadqızı