2030-cu ilə qədər Vərəmə son...
“Azərbaycanın 2030-cu ilə qədər Vərəmə son verməklə bağlı əsaslı beynəlxalq öhdəlikləri genişləndirmək təşəbbüsü: gündəlikdə BMT-nin bu il üzrə Yüksək Səviyyəli Görüşünün Güclü Siyasi Bəyannaməsi” adlı konfrans keçirilib.
QHT.az xəbər verir ki, konfransda ÜST-ün regional nümayəndəsi Oktay Gözəlov, “Stop TB Partnership” təşkilatının icraçı direktoru Lucica Ditiu, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Milli Məclisin üzvləri Soltan Məmmədov Sədaqət Vəliyeva, Kamilə Əliyeva, İlham Məmmədov, Müşfiq Məmmədli, TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Dr.Yaqut Qarayeva, Vərəm Əleyhinə Avropa Koalisiyasının İcraçı direktoru Yuliia Kalancha açılış nitqi ilə çıxış ediblər.




“Stop TB Partnership” təşkilatının icraçı direktoru Lucica Ditiu görüşdə deyib ki, Vərəmlə mübarizədə dövlət dəstəyi önəmlidir. Azərbaycan vərəmlə mübarizəyə regional və qlobal səviyyədə töhfə verə bilər. Belə ki, Azərbaycan bu istiqamətdə bütün əsas iştirakçıları bir araya gətirə bilər.
O, həmçinin deyib: “Hamımız vərəmlə mübarizəni gücləndirməyə çalışırıq. Odur ki, sentyabrda keçiriləcək görüşdə yüksək səviyyəli şəxsləri bir araya gətirmək çox önəmlidir”.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxışı zamanı deyib ki, Azərbaycanda vərəmli xəstələrin sayına görə vəziyyət kifayət qədər qənaətbəxşdir. Lakin xəstələr arasında dərmanlara davamlı formaların nisbətinə görə vəziyyət yaxşı deyil.
Bu problemin nəinki ölkəmizdə, bütün dünyada mövcud olduğunu bildirən N.Zeynalov deyib: "2021-ci ildə vərəm əleyhinə dərmanlara davamlı formadan əziyyət çəkən 450 min yeni xəstə aşkarlanıb. Bu il iyunda Ümumdünya Səhiyyə Təşkilatı mikroblara qarşı antibakterial və göbələk əleyhinə davamlılıq göstərən problemlərin həlli üçün prioritet elmi-tədqiqat istiqamətlərini müəyyən edib. Elmi tədqiqat üçün 40 istiqamət seçilib və onlardan 7-si təqribən 20 faizi sırf vərəm əleyhinə dərmanlara davamlılıq probleminə həsr olunub. Bu onu göstərir ki, vərəm əleyhinə dərmanlara rezistentlik nə qədər önəmlidir".
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov çıxışı zamanı deyib ki, dərmanlara qarşı davamlılıq vərəmə son qoymaq üçün görülən işlərə ciddi çətinlik törədir. Bu, bütün dünyanın problemidir. Bunun ən böyük səbəbi antibiotiklərin istifadəsi qaydalarının və vərdişlərinin pozulmasıdır.
"Bildiyiniz kimi bu günlərdə dərman vasitələri haqqında qanun layihəsi müzakirə olunur. Ölkəmizdə bu sisteminin daha effektiv işləməsi üçün dərmanlara əlçatanlığın və qiymətlərin optimallaşdırılmasını hədəfləyən qanun layihəsi hazırlanıb".
R.Mahmudov bildirib ki, apteklərdə yüksək dərəcəli, son mərhələdə istifadə olunan antibiotiklərə əlçatanlığın olması vərəmə son verməyə gedən yolun ən böyük təhlükəsidir və ölkələr üçün həll olunması gərəkən problemdir.

Konfransda vərəmə yoluxmuş və sağ qalmış şəxs Kənan Bayramov uğur hekayəsini danışıb.

“Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva Qlobal Vərəm Cəmiyyətinin əsas istəkləri və prioritetləri haqqında məruzə edib.

Stop Vərəm Tərəfdaşlığının nümayəndəsi Ceyms Malar “Deadly Divide 2.0” vərəmlə bağlı öhdəliklər və reallıqlar haqqında çıxış edib.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova BMT-nin 2023-cü il Vərəm üzrə Yüksək Səviyyəli Görüşü kontekstində Azərbaycanın 2030-cu ilə qədər Vərəmə son verməklə bağlı hədəflərindən danışıb.

Ədliyyə Nazirliyi, İxtisaslaşmış Müalicə Müəssisəsinin baş həkimi Dr.Müsəllim Əmiraslanov Azərbaycan penitensiar sistemində vərəmə son qoyulması, nailiyyətlər və 2030-cu ilə qədər hədəflər haqqında çıxış edib.

Sağlamlığa Xidmət İB sədr müavini Samirə Məmmədova Vətəndaş Cəmiyyəti Təşkilatlarının vərəmə qarşı mübarizədə mənalı iştirakı barədə danışıb.

Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının rəhbəri Elçin Muxtarlı vərəmlə bağlı BMT-nin 2023-cü il Yüksək Səviyyəli İclası ilə bağlı vətəndaş cəmiyyətinin və icmaların əsas tələbləri haqqında məruzə edib.

Tədbirin məqsədi isə BMT-in Baş Assambleyasının Vərəmlə bağlı Yüksək Səviyyəli İclasında qəbul ediləcək Vərəmlə bağlı siyasi bəyannamənin hazırlanması prosesini daha diqqətlə izləmək, məsləhətləşmələrdə fəal iştirak etmək və vətəndaş cəmiyyəti təşkilatlarının və icmaların maraqlarını müdafiə edən bəyannamənin qəbul edilməsinə dəstək olmaqdır.
Qeyd edək ki, Qlobal Fond İctimai Vəkillərininn Şəbəkəsi və Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının birgə təşkilatçılığı və "Stop TB Partnership" təşkilatının dəstəyi ilə keçirilən tədbirin sonunda "Bakı Bəyannaməsi" imzalanıb.
Pərvanə Fərhadqızı