"Restoranlarda təqdim olunan səhər menyusu milli mətbəximizi təzahür etsə yaxşı olar" - psixoloq
Süfrələrimizdə üstünlüyü yüksək kalorili ət və yağdan bol yeməklər təşkil etməsinə baxmayaraq, səhər yeməyi çox yüngüldür. Azərbaycanlıların səhər süfrəsini yağ-pendirsiz və şirin çaysız təsəvvür etmək mümkünsüzdür. Bal, qaymaq və müxtəlif növ cemlər də süfrəyə əlavə olunur. Yay günlərində əsasən pomidor-yumurta, digər vaxtlarda isə yumurtalı çörək, qaynamış sosis və ya qızartması, yumurta soyutması yeyilir.
Psixoloq Gülşən Nəhmətova QHT.az- a bildirib ki, yaxşı olar ki, restoranlarda təqdim olunan səhər menyusu milli mətbəximizi təzahür etsin, zəngin qidalarla, bol vitaminli, dadlı və təkrarsız menyu olsun: “Mən gözümü açandan görmüşəm ki, protein və kalsi ilə zəngin qidalar səhər yeməyi masasını bəzəyib. Yəqin mənimlə razılaşarsınız. Camış və inək südündən hazırlanmış təzə qaymaq, motal, inək, qoyun pendiri, nehrə yağı, şor, kəsmik, qaymaqla qarışdırılmış şor, bal, müxtəlif mürəbbə və cemlər, qaynadılmış yumurta isti halda kərə yağı ilə qarışdırılmış olsun. 80-cı illərdə hətta balıq kürüsü, süd, süddən hazırlanmış müxtəlif növ sıyıqlar, bölgələrə görə dəyşir, əlbəttə soyuq havalarda, mövsümə uyğun xaşıl, quymaq, saçda hazırlanmış "yelapardı", müxtəlif fəsəli növləri, yay fəslində təzə əncir, yumurta -pamidor yemişlə, çörəklərə gəldikdə isə növbə- növ lavaşlar, fətir, isti və dadı heç nə ilə əvəzlənməyəcək təndir çörəyi, əlbətdə ki, bura əlavələr də oluna bilər”.
O, təəssüflə qeyd edir ki, gənclərimiz bütün bunlardan bixəbər olduqlarından, səhər yeməyi masasını hazırda dəbdə olan xiyar, pomidor, kartof qızartması, digər uyğunsuz qidalar daxil edilmiş menyu kimi qəbul edirlər.
Pərvanə Fərhadqızı