Payızda xəstəliklərdən qorunmaq üçün həkimlər nə deyir?
Payız fəsli niyə bir çox xəstələrin kəskinləşdiyi dövr hesab olunur? Səbəb sadədir: soyuq havaya keçid, yağış və rütubət, eləcə də qısa gündüz saatları ilə yanaşı, əksər hallarda insan immuniteti də azalır. Beləliklə, orqanizm infeksiyalara və viruslara qarşı həssas olur. Həmçinin immunitetin azalması səbəbindən xroniki xəstəliklər özünü birüzə verir.
QHT.az xəbər verir ki, mütəxəssislər payız xəstəlikləri qapımızı döyməmişdən əvvəl immunitet sistemimizi gücləndirəcək qidalanma məsləhətləri verir. Kliniki Dietoloq Duyqu Özbay bildirib ki, insanlar soyuq havalar başlamadan bədənimizin immun sistemini gücləndirməlidir: “İndi yay başa çatır və günəş üzünü bizə daha az göstərməyə başlayır. Ancaq gün ərzində ani temperatur dəyişiklikləri buna hazır olmayan maddələr mübadiləsimizə mənfi təsir edir və xəstəliklərə tutulma şansımızı artırır. Xüsusilə soyuqdəymə və qripə qarşı immunitet sistemini gücləndirmək ən əsas qayda hesab olunur. Bu səbəblə təbii dəstəkləyici qidalardan faydalanmaq vacib olur. C vitamini ilə zəngin qidaların qəbulu həm də antioksidantlarla zəngin olduğundan zəhərli maddələrin bədəndən çıxarılmasına kömək edir. Sitrus məhsulları ilə yanaşı, bibər növləri, kivi, brokoli və cəfəri də C vitamini ilə zəngin qidalar kimi önə çıxır. Təbii qatıq kimi probiotik qaynaqlar müntəzəm olaraq istehlak edildikdə bağırsaq florasını zənginləşdirir, həzm və immunitet sistemini gücləndirir. İtburnu, cökə və adaçayı kimi bitki çaylarını ölçülü şəkildə istehlak etmək, tərkibindəki antioksidantlar sayəsində immunitet sistemini gücləndirir”.
Pulmonoloq Dr. Nicat Ağayev isə qeyd edib ki, hava kirliliyinin artması, bağça və məktəblərin açılması payız aylarında bir çox xəstəliklərin sayında artış hiss elətdirir: “Bədənimizin immunet sisteminin aşağı düşməsinə təsir göstərən faktorları da danmaq olmaz. Payızda həm viral, həm də bakterial mənşəli infeksion xəstəliklərin alovlanmasını - yəni kəskin artışını görə bilirik. Bronxit və pnevmoniya kimi ağciyər xəstəlikləri də bu siyahıda yer alır. Bir çox hallarda yüngül gedişat görsək də, bəzən antiviralların və antibiotiklərin təyinatına ehtiyac olan ağır klinik halları da görə bilirik. Bu səbəbdən bütün oxuculara peyvəndlərini vaxtında vurdurmağı, sağlam həyat keçirməyi, ağırlaşma hallarında gecikmədən həkimə getməyi tövsiyyə edirik”.
Pərvanə Fərhadqızı