Ali məktəbə daxil olan və birinci sinfə gedən şəhid övladları ilə görüş keçirilib - FOTOLAR
Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu bu il ali məktəblərə yüksək balla qəbul olan və birinci sinfə gedən şəhid övladlarını mükafatlandırıb.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyindən QHT.az-a verilən məlumata görə, baş tutan mükafatların təqdimolunma mərasimində şəhid ailələrinin xanımları və övladları iştirak ediblər. Tədbirdə Birliyinin sədri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə göstərilən dəstəyə görə ADDF rəhbərliyinə öz təşəkkürünü bildirib. Diasporla İş üzrə Dövlət Komitəsinin adından tədbir iştirakçılarını salamlayan ADDF icraçı direktoru Əkrəm Abdullayev övladları bu il ali məktəbə daxil olan və I sinfə gedən şəhid ailələrini təbrik edib. Şəhid ailələrini bütün xalqımızın qürur mənbəyi adlandıran Fond rəhbəri bildirib ki, torpaqlarımızın azadlığı və vətənimizin ərazi bütövlüyü uğrunda fədakarcasına canlarından keçmiş qəhrəmanlarımızın övladları hər zaman diqqət mərkəzindədir.
Sonra yüksək bal toplamış tələbələrə birdəfəlik vəsaitin köçürüldüyü kartlar və ölkəmizə həsr olunmuş kitablar, I sinif şagirdlərinə isə məktəbli dəstləri təqdim edilib.
Qeyd edək ki, tədbirdə ali məktəblərə yüksək balla daxil olan şəhid övladları Bakı, Bərdə, Astara, Cəlilabad və Yevlax məktəbliləri olub. Tədbirə gələ bilməyən şəhid ailələrinin I sinfə gedəcək övladlarına məktəbli dəstləri yaşayış ünvanlarında Azərpoçt MMC-nin dəstəyi ilə çatdırılıb.
Pərvanə Fərhadqızı