Qrant müsabiqələrin keçirilməsi qaydasında dəyişikliklər edildi

“Ötən 2 illik dövrdə Agentlik tərəfindən QHT layihələri ilə bağlı müxtəlif mövzular üzrə 8 qrant müsabiqəsi keçirilib. Bu müsabiqələr Agentliyin Müşahidə Şurasının tərtib etdiyi müvəqqəti qaydalar əsasında aparılıb. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalardan sonra artıq müvəqqəti qaydalar qüvvədən düşür”.

QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayeva bildirib. O, qeyd edib ki, qaydaların işlənilməsi zamanı ötən qrant müsabiqələrində əldə edilmiş təcrübə ətraflı təhlil edilərək nəzərə alınıb: “Burada şəffaflıq, obyektivlik, bərabər imkanlar prinsipləri rəhbər tutulub. Bu qaydalar QHT-lərin özlərini daha yaxşı realizə edə bilməsi üçün indiyədək olmamış şəkildə geniş imkanlar açır. Kiçik qrant müsabiqəsi” çərçivəsində qalib layihələrə maksimum 15 000 manat, “Orta qrant müsabiqəsi” çərçivəsində maksimum 30 000 manat, “Böyük qrant müsabiqəsi” çərçivəsində isə maksimum 50 000 manat qrant məbləği ayrılacaq. Səfər qrantı üzrə layihələrdə isə maksimum məbləğ 10 000 manatdır”.

 

Pərvanə Fərhadqızı