Erkən nikah faktlarına hələ də rast gəlmək olur-SEMİNARDAN FOTOLAR
Milli Qeyri Hökumət Təşkilatları Forumunun Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində “Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi “Erkən nikahlara yox deyək” adlı layihə çərçivəsində seminar keçirib.
Birliyin sədri, layihə rəhbəri Əli Mirzəyev QHT.az-a bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil olunub. Tədbirdə Rəsm Qalereyasının, Şirvan Mədəniyyət Mərkəzinin əməkdaşları, Peşə Litseyinin və Uşaq Gənclər İdman məktəbinin müəllimləri iştirak ediblər. Əli Mirzəyev tədbirdə layihə haqqında ətraflı məlumat verib: "Mütamadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilsə də, erkən nikahlarla mübarizə sahəsində dövlətin müvafiq qurumları inzibati tədbirlər keçirsələr də erkən nikah faktlarına hələ də rast gəlmək olur”.
Tədbirdə bildirilib ki, qız övladlarının gələcəyini təmin etmək üçün mütləq onların təhsil hüququnu təmin etmək lazımdır. Erkən nikahların fəsadlarını hüquqi, sosial, psixoloji, bioloji aspektlərdən qiymətləndirilməsinə diqqət yönəldilib, iştirakçılar müzakirələrə qoşulublar.
Pərvanə Fərhadqızı