“Əsrin müqaviləsi”nin imzalanmasından 29 il ötür...

Bu gün- 20 sentyabr Azərbaycanın neft və qaz sənayesinin inkişafında əməyi keçən fədakar neftçilərin peşə bayramı- "Neftçilər günü"dür.

QHT.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və böyük səyləri nəticəsində Dövlət Neft Şirkəti ilə dünyanın 8 ölkəsinin aparıcı neft şirkətləri arasında neft kontraktlarından ibarət olan, mühüm tarixi, siyasi və beynəlxalq əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi”nin imzalanmasından 29 il ötür.

1994-cü il 20 sentyabr tarixində Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azər-Çıraq-Günəşli" yataqlar blokunun birgə işləməsi və hasil olunan neftin pay şəkildə bölüşdürülməsi haqqında 8 ölkənin 13 məşhur neft şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işbirliyini rəsmiləşdirən müqavilə imzalanıb. 4 dildə hazırlanmış sözügedən müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını alıb. Bu tarixi sazişin imzalanması Azərbaycanı ölkə iqtisadiyyatında müxtəlif beynəlxalq layihələrin həyata keçirilməsi və çoxmilyardlı investisiyaların qoyuluşu üçün etibarlı tərəfdaş kimi təsdiq edib. "Əsrin müqaviləsi"ni həyata keçirən rəhbər komitənin ilk iclası isə 24 yanvar 1995-ci il tarixində Azərbaycan Tarixi Muzeyinin “Şərq” zalında keçirilib.

Qeyd edək ki, bu əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin yeni qurulan ekspozisiyasının Azərbaycanın neft sənayesinin inkişaf tarixini əks etdirən zalından olan görüntüləri təqdim edirik.

 

Pərvanə Fərhadqızı