4 ay müddətində 5 rayonu əhatə edəcək layihə həyata keçiriləcək

Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi, ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Consulting və Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzi ilə birgə icra olunan Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində bu ilin sentyabrın 7-dən başlayaraq “Şəhid ailələrinin və qazilərin sosial- iqtisadi problemlərinin həllində dövlət xidmətlərinin əlçatanlığının qiymətləndirilməsi” layihəsinin icrasına başlayıb.

Birliyin sədri Sənan Yəhya QHT.az bildirib ki, layihə 5 rayonu-Siyəzən, Şabran, Xaçmaz, Qusar, Quba əhatə etməklə, 4 ay müddətində icra ediləcək: “Layihənin məqsədi - şəhid ailələri və qazilərin sosial-iqtisadi (layiqli məşğulluq, yaşayış şəraiti, reabilitasiya) problemlərinin həllində dövlət xidmətlərinin səmərəliliyinin qiymətləndirilməsi, təklif və tövsiyələrin verilməsi, tərəflər arasında dialoqun yaxşılaşdırılmasıdır”.

Qeyd edək ki, layihənin məqsədinə nail olmaq üçün vəzifələr müəyyən edilib. Belə ki, qeyd olunan layihə rayonlarında 100 şəhid ailəsi və qazilər arasında sorğu keçirilməsi və onların ehtiyaclarının qiymətləndirilməli, dövlət tərəfindən şəhid ailələri və qazilər üçün təmin edilən dəstək tədbirlərinin və müvafiq qanunvericilik sənədlərinin təhlil edilməsi nəzərdə tutulub. Həmçinin şəhid ailələri və qazilərin maraqlarını təmsil etmək, ehtiyaclarını və bu ehtiyacları qarşılamaq üçün dövlətin həyata keçirdiyi tədbirləri ictimailəşdirmək, müvafiq dövlət qurumlarına tövsiyələr və alternativ həllər təqdim etmək məqsədilə bölgələrdə (Qusar-Quba, Xaçmaz və Siyəzən-Şabran) bütün maraqlı tərəflərin, o cümlədən dövlət və yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti təşkilatlarının, KİV nümayəndələrinin iştirakı ilə üç dəyirmi masanın təşkil etdilməsi və tərəflər arasında əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulub.

 

 

Pərvanə Fərhadqızı