"Azərbaycanda hərraclarda dollara tələb azalsa da sonradan yenidən yüksəlib"- iqtisadçı ekspert

Dollar dünya bazarında yenidən möhkəmlənir. ABŞ pulu avroya nisbətən sadəcə son 1 ayda 4 faizə yaxın dəyər qazanıb. Həmin müddətdə Rusiya rublu da dollar qarşısında 2 faiz dəyəsizləşib. Qardaş Türkiyədə isə 1 dollar almaq üçün 27 lirədən daha çox milli pul ödəmək lazımdır.

QHT.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib. Ekspert qeyd edib ki, dolların möhkəmlənməsi ABŞ iqtisadiyyatı ilə bağlı pozitiv rəqəmlər və eləcə də FED-in davamlı güclənmə siyasəti ilə bağlıdır: "Avropa Mərkəzi Bankının son qərarları da avronun məzənnəsinə təsirsiz ötüşməyib. Sentyabrın əvvələrində Azərbaycanda hərraclarda dollara tələb azalsa da sonradan yenidən yüksəlib. Sonuncu hərracda 45,5 milyon dollarlıq tələb yaranıb. Qeyd edək ki, öncəki hərracda bu rəqəm 26,6 milyon dollar idi. 2023-cü ilin son aylarında da regionda dollara tələbin artacağı gözlənilir".

Manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə ekspert qeyd edib ki, daha çox enerji gəlirlərimizin artması səbəbindən Azərbaycanın tədiyyə balansında müsbət saldo davam edir: "Regional və eləcə də qlobal valyuta bazarındakı dəyişikliklər psixoloji təsirlərini qoruyub saxlayır. Azərbaycan hələlik üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlıq Mərkəzi Bankın qərarları ilə müəyyənləşməkdə davam etməkdədir".

 

 

Pərvanə Fərhadqızı