“Həyata keçirilən humanitar dəstək layihələri Azərbaycanın mövqelərini gücləndirir”- İlqar Hüseynli

Azərbaycan çox ciddi və həlledici mərhələyə daxil olub. Bu mərhələdə istər xarici siyasətdə, istərsə də daxili siyasətdə həyata keçirilən bütün tədbirlər ölçülüb biçilməlidir.

QHT.az xəbər verir ki, Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri Ilqar Hüseynli bildirib ki, bütün itgilərimizə rəğmən Qarabağın tam azad olmasına yaxınlaşmışıq: “Qarabağın erməni icması ilə aparılan siyasi, sosial və humanitar danışıqlar normal şəkildə aparılır. Ermənilərə təklif olunan reinteqrasiya proqramı beynəlxalq hüququn prinsiplərinə uyğun, ədalətli diplomatiya çərçivəsində davam edir. Xarici tərəfdaşlarımız məmnundurlar, etibarlı partnyorlarımız Azərbaycanı dəstəkləyir. Türkiyənin Cənubi Qafqazda mövqeləri güclənir. Düşmənlərimizin əlinə antireinreqrasiya kartları verilmir. Ermənilərin gələcəkdə deportasiya və etnik təmizləmə adı altında atacaqları addımlar indidən zərərsizləşdirilir, arqumenlər əllərindən alınır”.

QHT sədri qeyd edib ki, həyata keçirilən humanitar dəstək layihələri Azərbaycanın mövqelərini gücləndirir: “Amma reinteqrasiyanın əleyhinə işləyən ən ciddi əksarqumentlərdən biri ölkənin Avrointeqrasiya yolunda zəif durumda olmasıdır. Azərbaycanın Avropa Ittifaqı ilə yeni qonşuluq siyasəti üzrə əməkdaşlıq sazişinin, ÜTT-yə üzvlüyünün, DCFTA sazişinin yarımçıq mərhələdə dayanması, ölkədə siyasi məhbuslarla bağlı durum, azad və ədalətli seçkilərin olmaması, insan hüquq və azadlıqlarıyla bağlı hesabatlar, vətəndaş cəmiyyətinin mövcud vəziyyəti Beynəlxalq aləmdə mövqelərimizi kifayət qədər zəiflədir. Düşmənlərimizin əlinə əks arqumentlər verir. Hazırkı reinteqrasiya prosesinin beynəlxalq səviyyədə etibarlılığının təminatı məhz avrointeqrasiyadan keçir. Avrointeqrasiya proseslərini dəstəkləməyi daima bəyan edən və enerji sektorunda partnyorlarımızın AI olduğu qəbul edən Azərbaycan hakimiyyəti bu istiqamətdə dərin addımlar atmalı və ölkəmizi Cənubi Qafqazın real söz sahibinə çevirməlidir”.

 

Pərvanə Fərhadqızı