Alyaska üçbucağı... 20 min insan yoxa çıxdı / FOTO
Sui-qəsd nəzəriyyələrinin, romanların və filmlərin mövzusu olan Şimali Atlantikadakı “Bermud üçbucağı”na bənzər bir şey Alyaskada da mövcuddur. “Alyaska üçbucağında” indiyədək 20 min insan itib.
QHT.az xəbər verir ki, ABŞ-ın Alyaska ştatının Cüneu və Ankoric şəhərləri ilə Barrou qəsəbəsi arasındakı üçbucaqlı bölgə 1972-ci ildə baş verən təyyarə qəzasından sonra qəribə sui-qəsd nəzəriyyələri ilə gündəmə gəlməyə başladı. ABŞ siyasətçilərini daşıyan kiçik sərnişin təyyarəsi 1972-ci ilin oktyabrında həmin ərazidə yoxa çıxdı. Günlərlə davam edən axtarışlar zamanı təyyarənin zərrə qədər izi belə tapılmayıb. İtmiş təyyarə ilə bağlı aparılan araşdırmalar nəticəsiz qaldıqdan sonra “Alyaska Üçbucağı” ilə bağlı şəhər əfsanələri yayılmağa başladı. 1986 - cı ildə Yapon aviaşirkətinin pilotu ərazidə üç UFO gördüyünü bildirdikdən sonra Alyaska Üçbucağında yoxa çıxma yadplanetlilərlə əlaqələndirildi. Başqa bir nəzəriyyə, bölgədə maqnit pozuntularına səbəb olan “böyük enerji burulğanlarının” olmasıdır. Nəhayət, yerli insanlar ərazidə insanlara hücum edən 'Sasquatch' (böyük ayaq) adlı nəhəng bir canavarın olduğunu iddia etdilər. Alimlər baş verənləri coğrafi faktorlarla izah edirlər. Mütəxəssislər il boyu güclü qar yağan bölgədə təyyarələrin görmə qabiliyyətinin azalmasının, gəzintiyə çıxan insanların vəhşi heyvanların hücumuna məruz qalaraq və ya qarla örtülmüş çuxurlara düşərək itmələrinin çox mümkün olduğunu bildirirlər.
Pərvanə Fərhadqızı