“Sülh quruculuğu prosesində medianın rolu” mövzusunda müzakirə keçirilib

“Sülh quruculuğu prosesində medianın rolu” mövzusunda müzakirələr keçirilib. Azərbaycan Mətbuat Şurasının konfrans zalında keçirilən tədbir Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB)  tərəfindən icra olunan “Sülhyaratma prosesində medianın rolu” mövzusunda tədbirlərin təşkili”  layihəsi  çərçivəsində baş tutub. Layihənin maliyyə dəstəkçisi   Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. 

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, beynəlxalq təşkilatlar münaqişə vəziyyətində olmuş cəmiyyətlər arasında sülhün yaradılması üçün istifadə edilən alətlərdən biri kimi medianın rolunu önə çəkirlər: “Qeyd edirlər ki, müharibənin bitməsi, atəşkəs  razılaşdırmasının imzalanması davamlı  sülhün yaranması üçün kifayət etmir. Dayanıqlı  sülhün əldə edilməsi üçün münaqişə  tərəfi olmuş cəmiyyətlər sülhə hazırlanmalıdırlar. Bu prosesdə medianın roluna ciddi  önəm verilir”.

Müşfiq Ələsgərli əlavə edib ki, 3  ay müddətində icra edilmiş layihə çərçivəsində medianın sülh quruculuğu prosesində iştirakını ehtiva edən beynəlxalq nəzəri fikirlər araşdırılaraq ümumiləşdirilb: “Mövzu üzrə ən müxtəlif mənbələri tədqiqata cəlb etdik. Zəruri hissələrini ümumiləşdirərək Azərbaycan dilinə çevirdik və məqalə halında dərc etdik. Mövzu üzrə 5 məqalə dərc etmişik. Onlayn informasiya resurslarında yerləşdirdiyimiz bu məqalələr hər kəs üçün əlçatandırlar”. 

Müşfiq Ələsgərli qeyd edib ki, layihə çərçivəsində görülən işlərin 2-ci istiqaməti  Ermənistan KİV-ləri üzərində monitorinqlərin aparılmasından ibarət olub: “Məqsədimiz Ermənistan mediasının sülh quruculuğu prosesində iştirak  formasını  araşdırmaqdan, onların fəaliyyətinin bu kontekstdə beynəlxalq standartlara uyğunluğunu müəyyənləşdirməkdən ibarət idi. 3 ay müddətində apardığımız fasiləsiz monitorinqlərin nəticələri  göstərdi ki, Ermənistanın media ictimaiyyətinin  sülhyaratma prosesində iştirakları  beynəlxalq standartlara uyğun deyil. Əksinə, hətta onlar sülh prosesinin əleyhinə çalışırlar. Ermənistan mediasının fəaliyyətində sülhə yönəlik  sistemli davranış görünmür. Bu ölkənin mediası öz cəmiyyətlərində qisasçılıq hissinin artırılmasında rol alır. Biz bütün bu faktları qeydə aldıq, hesabat formasında tərtib etdik və beynəlxalq media təşkilatlarına göndərdik. Həmçinin, Ermənistan mediasının qeyd edilən dövr üzrə fəaliyyətini əks etdirən məqalələr hazırlayaraq, Azərbaycanın onlayn media resurslarında yerləşdirdik. Marağı olan şəxslərin istifadəsi üçün əlçatandır”.