Vətəndaş cəmiyyətinin inkişafında qadınların rolu - AÇIQLAMA
Bakının "Gülüstan" sarayında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və ilk Qadın Qurultayının keçirilməsinin 25 ili münasibətilə Azərbaycan Qadınlarının VI Qurultayı baş tutdu. Respublikanın bütün regionlarından 600-ə yaxın qadının bir araya gəldiyi Qurultay çərçivəsində “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri: Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə panel müzakirələr aparıldı, sonda isə 13 sənəddən ibarət qətnamə qəbul olundu.
Qurultayda deputatlar, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin Azərbaycandakı səfirlikləri, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlərlə yanaşı Türkiyə, Özbəkistan və Tacikistanın dövlət rəsmiləri də iştirak edirdi.
Tədbirin əvvəlində Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciəti səsləndirilib:
Vurğulanıb ki, ötən müddətdə cəmiyyətdəki mövqeləri daha da möhkəmlənən qadınlarımız respublikanın sosial-iqtisadi və mədəni-elmi potensialının gücləndirilməsi işinə dəyərli töhfələr bəxş ediblər.
Onların təqdirəlayiq ictimai nüfuzu təməl prinsipləri Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlət qadın siyasətinin ardıcıl gerçəkləşdirilməsinin nəticəsidir.

“Qloballaşmanın vüsət aldığı və milli özünəməxsusluğu sürəkli dəyişikliklərə məruz qoyduğu bir vaxtda mədəni-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və yaşadılmasında Azərbaycan qadınlarının xidmətləri misilsizdir. Məmnunluq hissi ilə bildirmək istəyirəm ki, onlar eyni zamanda maarifpərvər sələflərinin ənənələrini müvəffəqiyyətlə davam etdirərək, artan təşəbbüskarlıqları və dolğun sosial-mədəni fəaliyyətləri ilə ictimai həyatımıza yeni güc qatır, müstəqillik salnaməmizə parlaq səhifələr yazırlar. Hər bir nailiyyətimizdə qadınların böyük zəhməti vardır. Fədakar analarımızın Vətən sevgisinin bariz nümunəsi dövlətimizin suverenliyi və ərazi bütövlüyünün bərpası naminə döyüş meydanındakı unudulmaz rəşadəti ilə xalqımızın mübarizlik ruhunu nümayiş etdirən milli əqidəli gənc nəsildir”.
Müraciətdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışla bağlı icra olunan genişmiqyaslı layihələrdə Vətənimizin rifahı üçün var qüvvələrini əsirgəməyən qadınlarımızın fəal iştirak etdiyi diqqətə çatdırılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova vurğuladı ki, Qurultayın 200 illik münaqişənin sona çatdığı bir dövrdə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. O qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev daim Azərbaycanda qadın siyasətinə böyük önəm verib:

“Ölkəmizdə mütəşəkkil qadın hərəkatının əsasını qoyan Ümummilli Liderin diqqət və qayğısı sayəsində Azərbaycanda savadlı, ictimai həyatda fəal iştirak edən qadınlar yetişib. Hazırda ölkədə qadınların hüquqları yüksək səviyyədə qorunur və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür”, - deyə Bahar Muradova əlavə edib.
Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov da öz növbəsində bildirib ki, həyatın bütün sahələrində iştirak edən qadınların rolunun və iştirakçılığının artırılması dövlətin prioritet istiqamətlərindəndir:
“Hazırda qadınlarımız çox inkişaf ediblər və Azərbaycan cəmiyyətində onların iştirakçılığının artırılması istiqamətində məqsədyönlü siyasət aparılır. Dövlətimiz qadınların iştirakçılığını təmin etməklə bərabər, onların potensialından düzgün istifadəni də diqqətdə saxlayır”, - deyə Əli Əhmədov qeyd edib.
Qurultayda çıxış edənlər arasında Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş, Milli Məclis sədrinin müavini Adil Əliyev, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyeva, insan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva, Tacikistanın əmək, miqrasiya və məşğulluq nazirinin müavini Nodiri Şaxnoza Anvar, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qadınların hüquqlarının təmin olunması, onların ictimai həyatda iştirakçılığının artırılması ilə bağlı fikirlərini bölüşüblər.
Azərbaycan Qadınların VI Qurultayı ilə bağlı Demokrat.az-a fikirlərini bölüşən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə deyib ki, bu gün qadınlar müxtəlif sahələrdə fəaliyyətləri və uğurları ilə Azərbaycan cəmiyyətinə öz töhfələrini verirlər. İstənilən sahədə Azərbaycan qadını öz işgüzarlığı ilə seçilir:
“Bu gün bəlkə də vətəndaş cəmiyyəti sahəsi o səhələrdəndir ki, bu sektorda qadınların rolu daha çox görünür. Ölkəmizdə xeyli sayda QHT-yə məhz qadın liderlər rəhbərlik edir.
Çox maraqlı məqama diqqəti çəkmək istərdim. Bəlkə də bir çoxu etiraf edər ki, Azərbaycandan vətəndaş cəmiyyəti, hüquq müdafiə təşkilatları deyəndə Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova yada düşür. Ötən dövrdə eyni zamanda QHT-lərin inkişaf etməsində, cəmiyyətin vacib komponentinə çevrilməsində qadın QHT rəhbərlərinin xüsusi çəkisi var. Xanım QHT liderləri xüsusən bir çox həssas mövzularda vətəndaşlarla daha yaxından işləmək bacarıqlarına sahibdirlər”.

Ekspertin sözlərinə görə, bu gün ailə, qadın, uşaq və gender məsələləri üzrə fəaliyyət göstərən QHT-lərin fəaliyyəti də çox önəmlidir. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri eyni zamanda ölkəmizi beynəlxalq təşkilatlarda da layiqincə təmsil edirlər:
“Bundan başqa qeyd etmək istərdim ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də QHT-lərlə sıx əməkdaşlıq edir. Azərbaycanda dövlət tərəfindən xüsusən “Ailə, qadın, uşaq və gender məsələləri” ilə bağlı QHT-lərin fəaliyyətinin dəstəklənməsi xüsusi diqqətdə saxlanılır. QHT Agentliyi “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə 2022-ci ildə fərdi qaydada 46, koalisiya formasında isə 8 layihə maliyyələşib. 2023-cü ildə elan etdiyi müsabiqə üzrə “Ailə, Qadın, Uşaq və Gender Məsələləri” istiqaməti üzrə 56 layihə maliyyələşib. Bu layihələrin maliyyələşməsinə 1 milyon manatdan artıq vəsait yönəldirlib. 2023-cü ildə QHT Agentliyinin dəstəklədiyi QHT-lərin təqribən 45%-nə qadın liderlər rəhbərlik edr. Digər QHT-lərin formalaşdığı layihə komandalarında da qadınlar müxtəlif sahələr üzrə ekspert qismində cəlb olunurlar”.
C.Hüseynzadə onu da əlavə edib ki, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları əsas tərəfdaş kimi çıxış edir:
“Azərbaycan dövləti tərəfindən vətəndaş cəmiyyəti sektorunda çalışan xanımlara qarşı hər zaman xüsusi diqqət olub. 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin sədri Səadət Bənənyarlı, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova və İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səltənət Qocamanlı “Şöhrət” ordeni ilə təltif olunub. Eyni zamanda hər il Beynəlxalq Qadınlar Günü münasibətilə müxtəlif adlara layiq görünən qadınlar arasında bir neçə nəfər QHT nümayəndəsi də yer alır”.
Törə Zeynallı
Demokrat.az
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda yayımlanır.