Qeyri-hökumət təşkilatının əmlakının formalaşdırılma mənbəyi kimi könüllü ianələr

Fəaliyyətində hər zaman şəffaflığa xüsusi önəm verən, açıq hökumət prinsiplərini rəhbər tutan Ədliyyə Nazirliyi vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, ədliyyə fəaliyyəti barədə məlumatlandırılması məqsədilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirir.

Vətəndaş cəmiyyətinin əsas struktur elementi olan qeyri-hökumət təşkilatları, o cümlədən belə təşkilat yaratmaq istəyən şəxslər üçün maraqlı ola biləcək növbəti məlumat qeyri-hökumət təşkilatının əmlakının formalaşdırılma mənbəyi kimi könüllü ianələr mövzusuna həsr edilmişdir. 

 

İanə - qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona Azərbaycan Respublikasının vətəndaşı, yaxud Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs, xarici hüquqi şəxsin filial və ya nümayəndəliyi (müvafiq sazişi bağlamış xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi) tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardımdır.

 

Qeyri-hökumət təşkilatı qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz.

 

İanə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı iki yüz manatadək ianəni nağd şəkildə qəbul edə bilər.

 

“Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 oktyabr tarixli 336 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Qeyri-hökumət təşkilatı ianəni qəbul etdiyi tarixdən 15 gündən gec olmayaraq, ianənin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrinə daxil etmək üçün Ədliyyə Nazirliyinə təqdim edir.

Qeyri-hökumət təşkilatı bunun üçün sözügedən Qaydanın 1 nömrəli əlavəsində göstərilmiş formada ərizə ilə müraciət etməlidir. Ərizə ianə qəbul edən təşkilatın qanuni təmsilçisi tərəfindən imzalanır və həmin təşkilatın möhürü ilə təsdiq edilir. Ərizəyə ianənin qeyri-hökumət təşkilatının bank hesabına köçürüldüyünü təsdiq edən sənəd əlavə edilməlidir.

Ədliyyə Nazirliyi 15 gün ərzində təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunu (ərizəni imzalamış şəxsin müvafiq səlahiyyətə malik olması, ianə edilən pul vəsaitlərinin nağd verilməsi və ya qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilməsi və sairə) yoxlayır. Məlumatların əlavə araşdırılması zərurəti yarandıqda, müddət daha 15 günədək uzadılır.

 

İanə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi tərəfindən verildikdə, həmçinin onun dövlət qeydiyyatına dair bağlanılmış sazişin qüvvədə olması araşdırılır.

Qeyri-hökumət təşkilatı tərəfindən qəbul edilən ianələrin məbləği və ianəni vermiş şəxslər barədə təqdim edilmiş sənədlərdə reyestrə daxil olunması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Ədliyyə Nazirliyi həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün 5 iş günü müddət təyin edir.

 

Təqdim edilmiş sənədlərdə imtina üçün əsas olmadıqda Ədliyyə Nazirliyi müvafiq məlumatları reyestrə daxil edərək bunu təsdiq edən bildiriş verir. Barəsində məlumat təqdim edilməmiş ianələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. Qeyri-hökumət təşkilatı tərəfindən qəbul edilmiş ianə üzrə əməliyyatlar, həmin ianə barədə məlumatın reyestrə daxil edildiyini təsdiqləyən bildiriş əsasında aparılır.

 

Qeyri-hökumət təşkilatı qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatları adıçəkilən Qaydanın 3 nömrəli əlavəsində göstərilmiş formaya uyğun olaraq Maliyyə Nazirliyinə təqdim edir.

İanələr barədə məlumatın maliyyə hesabatına daxil edilməməsi, eləcə də ianə edilən pul vəsaitlərinin nağd şəkildə verilməsi və qəbul edilməsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi ilə məsuliyyət nəzərdə tutulmuşdur.

 

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Ədliyyə sahəsində xidmətlər baş idarəsi

hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin

Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin məsləhətçisi

II dərəcəli ədliyyə qulluqçusu Zamanova Nərmin Nüsrət qızı