Yeni istifadəyə verilmiş Umbakı penitensiar kompleks ictimaiyyətə təqdim olunub - FOTOLAR +VİDEO
Xəbər verildiyi kimi, bu ərəfədə Bakının Umbakı qəsəbəsində yeni müasir penitensiar kompleks istifadəyə verilib. Beynəlxalq standartlara uyğun inşa olunmuş Umbakı penitensiar kompleksi qarışıq rejimli olmaqla iki zonadan – cəzaçəkmə müəssisəsindən və istintaq təcridxanasından ibarətdir. Müəssisədə ağır və digər cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanada isə təqsirləndirilən şəxslər saxlanılacaqdır.
Cəmiyyətin marağı nəzərə alınaraq həmin penitensiar kompleksdə yaradılan şəraitlə yaxından tanış olmaq məqsədilə Ədliyyə Nazirliyi tərəfindən noyabrın 20-də geniş ictimai təqdimat keçirilib, media-tur təşkil olunub.
İctimai təqdimatda Ədliyyə Nazirliyinin, o cümlədən Penitensiar xidmətin aidiyyəti məsul işçiləri, Milli Məclisin deputatları, Vəkillər Kollegiyasının, Mediasiya Şurasının təmsilçiləri, hüquq müdafiəçiləri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər vətəndaş cəmiyyəti institutları, çoxsaylı media nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları kompleksdə yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkədə ədliyyə sisteminin müasirləşdirilməsi ilə bağlı aparılan islahatlar çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, cəza siyasəti humanistləşdirilir, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər görülür.
Eyni zamanda, məhkumların cəmiyyətə reinteqrasiyası, yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri üçün paytaxtda və bölgələrdə müasir penitensiar infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülür. Bununla əlaqədar Bakının Zabrat qəsəbəsində yeni istintaq təcridxanası, cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün müasir penitensiar müəssisələr, Naxçıvan Muxtar Respublikasında və Şəkidə belə komplekslər inşa olunub. Lənkəran şəhərində yeni müəssisənin tikintisi artıq başa çatıb, Gəncədə isə inşa işləri davam etdirilir.
Görülən tədbirlər çərçivəsində yenicə istifadəyə verilən Umbakı penitensiar kompleks də məhkumların hüquqlarının təmin olunması və sosial adaptasiyası baxımından xüsusi əhəmiyyət kəsb edir.
Məlumat verilib ki, kompleksin ümumi saxlanma limiti 1.300 nəfərdir və orada 19 müxtəlif rejimli kamera tipli korpuslar inşa olunub ki, həmin kameralarda məhkumlar hər cür şəraitlə təmin edilib, o cümlədən ayrıca sanitar qovşağı, gəzinti yerləri ayrılıb.
Eyni zamanda, kompleksdə təcridxana hissəsində təqsirləndirilən şəxslərin saxlanılması nəzərə alınaraq müstəntiq və vəkillərin rahat fəaliyyət göstərmələri, istintaq hərəkətlərinin aparılması üçün zəruri şərait yaradılıb. Məhbusların məhkəmə iclaslarında məsafədən - videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və video-görüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar qurulub.
İctimaiyyət nümayəndələri kompleksdə məhkumların tibbi təminatı ilə bağlı yaradılmış Tibb-sanitar hissələri də tanış olublar. Bildirilib ki, saxlanılan şəxslərə yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün ərazidə müasir tibbi avadanlıqla təchiz olunmuş binalar inşa edilib. Burada kardioloq, stomatoloq, fizioterapevt, ultrasəs müayinəsi, cərrahiyə, manipulyasiya otaqları, laboratoriya, geniş dərman çeşidləri ilə təchiz olunmuş aptek, bütün şəraiti, stasionar, o cümlədən intensiv terapiya çarpayıları olan kamera-palatalar mövcuddur.
Eyni zamanda kompleksdə məhkum və həbs edilmiş şəxslərə psixoloji yardımın göstərilməsi üçün zəruri şəraitin yaradılması məmnunluqla qarşılanıb.
Tanışlıq zamanı həmçinin, uzunmüddətli və qısamüddətli görüş otaqlarına da baxış keçirilib. Qeyd olunub ki, uzunmüddətli görüş otaqları studio-mənzil tipli olmaqla zəruri məişət avadanlığı ilə təchiz olunub, öz ailələri ilə rahat vaxt keçirmələri üçün yaradılan müasir şərait məhkumların sosial adaptasiyasına xidmət edir.
İştirakçılar məhkumların asudə vaxtlarının səmərəli təşkili məqsədilə zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, televizor otağı, idman meydançaları tanış olub, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün yaradılan infrastruktura maraq göstəriblər. Məhbusların keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəxdə, yeməkxanada, habelə sənaye tipli qurğuları olan camaşırxanada olaraq yaradılan yüksək şəraiti təqdir ediblər.
Tanışlıqdan sonra media nümayəndələrinin iştirakı ilə ictimaiyyət üçün brifinq keçirilib.
Brifinqdə penitensiar sistemdə həyata keçirilən islahatların, məhkumların saxlanma şəraitinin təkmilləşdirilməsi üzrə görülən tədbirlərin ölkə Prezidenti cənab İlham Əliyevin bu sahənin müasir çağırışlara uyğun inkişafına göstərdiyi xüsusi qayğının və həssas münasibətin əyani təzahürü olduğunu, yeni penitensiar kompleksin tikintisinin məhkumların hüquqlarının təminatına, onların səmərəli islah olunaraq sosial adaptasiyasına xidmət etdiyini vurğulanıb.
Eyni zamanda Ədliyyə Nazirliyi rəhbərliyinin məhkumların cəmiyyətə reinteqrasiyasında innovativ yanaşmanın tətbiqinə önəm verərək bu sahədə vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunub.
Çıxış edən ictimaiyyət nümayəndələri müasir penitensiar kompleksin istifadəyə verilməsinin bu sahədə aparılan islahatlara əlavə töhfə olmaqla penitensiar sistemin fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə, məhkumların hüquqlarının etibarlı təminatına yönəldiyini bildirib, dövlətin bu sahəyə diqqət və qayğısından bəhs edib, məhkumlar üçün yaradılan müasir şəraitdən məmnunluqlarını ifadə ediblər. Vurğulayıblar ki, Azərbaycanda insan hüquqlarının təmin edilməsi əməldə özünü göstərir. İstifadəyə verilmiş yeni müəssisələrdə yaradılan yüksək şərait bunun bariz nümunəsidir.