“Bu il QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 2080 nəfər olub”- QİÇS-lə Mübarizə Mərkəzinin direktoru
“2023-cü ilin 11 ayı ərzində İİV-ə yeni yoluxma hallarının sayı 792 nəfər təşkil etmişdir. Onlardan 761 nəfəri (96,1%) Azərbaycan vətəndaşı, 31 nəfəri (3,9%) isə əcnəbilər olmuşdur. Qeydiyyata alınmış 761 ölkə vətəndaşlarından 534-ü (70,2%) kişi, 211-i (29,8%) isə qadınlardır”.
QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov bu gün keçirilən Ümumdünya QİÇS-lə Mübarizə gününə həsr olunmuş konfransda ölkədə İİV/QİÇS-lə bağlı cari vəziyyət və qarşıda duran hədəflər barədə çıxışı zamanı bildirib. Direktor qeyd edib ki, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 01.12.2023-cü il tarixədək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 9167 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır: “Onlardan 6357-si (69,3%) kişi, 2810-ü (30,7%) qadınlardır. 2023-cü ilin 11 ayının sonuna QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 2080 nəfər olmuşdur. 1987-ci ildən bu günədək İİV-infeksiyasından dünyasını dəyişmiş Azərbaycan vətəndaşlarının sayı isə 1400 nəfər olub”.
Famil Məmmədov həmçinin bildirib ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzi Covid-19 pandemiyası ilə mübarizədə hələ də öz fəaliyyətini davam etdirməkdədir: “Belə ki, RQMM-in laborator xidmət bazasında COVİD-19-un diaqnostikası təşkil olunmuş və hal-hazırda aparılmaqdadır”.
Pərvanə Fərhadqızı