Reproduktiv sağlamlıq haqqında qanunun olmaması bu məsələlərdə çətinliklər yaradır – QHT sədrindən eksklüziv MÜSAHİBƏ

Təmiz Dünya Qadınlara Yardım Ictimai Birliyin sədri Mehriban Zeynalova QHT.az-a eksklüziv müsahibə verib. QHT sədrinin reproduktiv sağlamlıqla bağlı müsahibəsini diqqətinizə çatdırırıq.

- Salam Mehriban xanım. Sizinlə həmsöhbət olmaq hər zaman xoşdu. Vaxt itirmədən ilk suala keçək. Cəmiyyətdə reproduktiv sağlamlığın artırılması üçün nə etmək olar?

 

- Salam. Cəmiyyətdə reproduktiv sağlamlığı artırmaq üçün müəyyən işlər görülür, ayrı-ayrı sənədlərdə öz əksini tapır, amma ümumilikdə qanun olmadığına görə, kompleks şəklində reproduktiv sağlamlıq haqqında fəaliyyətləri koordinasiya etmək, qarşıya qoyulan vəzifələri yerinə yetirmək olmur. Mütləq şəkildə qanun olmalıdır. Qanun olmayınca fəaliyyətlərin icrası müəyyən mənada pərakəndə olacaq, ayrı-ayrı səbəblərdə öz əksini tapsa belə fəaliyyətləri ortaya qoyan hesabatları və yaxud boşluqları aşkarlamaq olmur.

 

- Cinsi sağlamlıq haqqında geniş yayılmış dezinformasiya ilə mübarizə aparmaq üçün hansı üsulları tətbiq etmək olar?

 

- Sizinlə razıyam, istənilən fəaliyyəti tənzimləmək üçün qanuna istinad etmək lazımdır. Qanun özü o üsulları, mexanizmləri özündə əks elətdirməlidir. Təbii ki, müxtəlif üsullardan biri maarifləndirmə olmalıdır, xidmət paketləri əlçatan olmalıdır, boşluqlarla bağlı illik hesabat olmalıdır ki, müəyyən olunsun qanunun tətbiqində hansı boşluqlar və monitorinqlər olmalıdır. Eyni zamanda bütün fəaliyyətlər şəffaf olmalıdır ki, bu məlumatlar əlçatan olsun, qarşısını almaq tezliklə mümkün olsun.

 

- Reproduktiv sağlamlıq xidmətlərinin genişləndirilməsi üçün hansı üsulları dəstəkləyirsiniz?

 

- Reproduktiv Sağlamlıq Mərkəzinin ayrıca yaradılması bu fəaliyyətin həyata keçirilməsi üçün yaxşı olardı. Vaxtı ilə belə Mərkəzlər var idi. Təəssüf ki, yavaş- yavaş aradan çıxdı, davamlılığı olmadı. Görünür bəzi layihələr çərçivəsində idi. Qanun olmadığına görə, öz dayanıqlığını saxlaya bilmədi. Bu baxımdan Reproduktiv Sağlamlıq Mərkəzləri mütləq şəkildə dəstəklənsin.

 

- Cəmiyyətdə reproduktiv sağlamlıq necə tədris olunur?

 

- Tez-tez görürük ki, ana, uşaq ölümləri olur. Uşaqların ölüm göstəriciləri, ailə planlaşdırılması, əhalinin artım məsələsində, planlama üzrə uşaqların dünyaya gətirilməsi kimi statistik məlumatlar bizi narahat edir. Narahatedici məsələlərdən biri də dünyaya uşaq gətirib sonra ondan imtina etmək kimi və yaxud da onları baxımsız vəziyyətə qoymaqla bağlı faktlar ortaya çıxır. Ailə Planlaşması və Reproduktiv Sağlamlıq Mərkəzləri çox olarsa bu məsələlər ciddi şəkildə öz əksini tapa bilər, müəyyən dəyişikliklər diqqəti çəkə bilər. Reproduktiv Sağlamlıq haqqında Qanunun olmaması bu gün digər məsələlərdə çətinliklər yaradır. Son zamanlar uşaqlıq boynunun xərçəngi xəstəliyi çox yayılıb, gənc insalar öz həyatlarını itirirlər. Düzdür İİV, QİCS  və cinsi yolla yayılan xəstəliklər diaqnostikası ilə bağlı fəaliyyətlər həyata keçirilir, ayrıcı Mərkəz var. Buna baxmayaraq, reproduktiv sağlamlığın tərkib hissəsində fəaliyyəti genişləndirmək imkanı olar.

 

- Ölkədə reproduktiv sağlamlıq cəhətdən vəziyyət nə yerdədir?

 

- Yeniyetmələrin reproduktiv sağlamlığına gəlincə, yeniyetmələr sosial şəbəkələrdən qeyri-səlis, qeyri-dəqiq informasiyalar götürürlər. Bu da onların gələcək ailə münasibətlərinə ciddi zərər vurur. Gender zorakılığı da reproduktiv sağlamlığın tərkib hissəsidir. Bu da ciddi problem kimi həyatımıza təsir göstərir, problemlər yaşanılır. Ailədə qız uşağının abortu, uşaq doğuşunun sayının çoxalması, uşağın yarımçıq düşməsi kimi məsələlər həllini tapmalıdır.

 

- Cinsi məlumatlılığın azlığı nədən irəli gəlir?

 

- Cinsi məlumatlılığın azlığı stereotiplərdən irəli gəlir. Çünki qədimdən bu günə qədər hələ də ailə münasibətlərində bu mövzuların müzakirəsi əlçatan deyil. Valideyinlər bunu izah etməyə hazır deyil, pərdə saxlanılır. Uşaqlar da başqa mənbəyə əl atır, fəsadları pis olur. Son statistikada gördük ki, 2000-dən çox azyaşlı uşaq dünyaya gətirib. Bu cinsi məlumatlılığın azlığından irəli gəlir. Erkən ərə gedən şəxsin ailə münasibətləri necə olması haqqında məlumatı olmur, cinsi məlumatlılıq məsələsi necə olmalıdır, şəxs öz cinsi sağlamlığını necə qorumalıdır. Bu məsələləri diqqətdən kənarda qoyur. Məktəblərdə bununla bağlı təlimlər keçmək olmur, valideyinlər bunun əksinə çıxır ki erkən oyanma ola bilər. Halbu ki, sosial şəbəkələrdə bu məlumatları necə gəldi verilir, uşaqlar da özləri üçün örnək götürürlər. Bu da kifayət qədər mənfi təsirlərlə nəticələnir.

 

-Maarifləndirmək baxımından qadın hüquqları prizmasından danışa bilərsiniz?

 

-Hər bir qadın öz orqanizmini tanımalıdır. Öz münasibətlərində ilk öncə reproduktiv sağlamlığını qorumalıdır. Ənənəvi olaraq biz öz sağlamlığımıza çox biganəyik. Qadınlar daha çox uşaqların, həyat yoldaşlarının sağlamlığını düşünür.  Qadınların mütəmadi yoxlamnılmasını, həkimə getməsini həyata keçirmək lazımdır. Bu xidmətlər dövlət tərəfindən ən azı 5 il pulsuz, dövlət büdcəsindən maliyyələşərsə  əlçatan olardı.

 

- Sağlam gələcəyi necə qurmaq olar?

 

- Sağlam gələcək üçün mütləq şəkildə insanların doğru, dürüst məlumatlanması lazımdır. Əgər hansısa millətin sağlamlığı ilə bağlı problem yaşanırsa, yalnış stereotiplər formalaşırsa qanuna sığınmalıdır. Müəyyən nəzarət mexanizmləri, xidmət paketləri olmalıdır. Sağlam gələcək qurmaq üçün sağlam olmaq lazımdır!

 

 

Pərvanə Fərhadqızı