“Məqsədimiz cəmiyyətin diqqətini eşitmə məhdudiyyəti olan şəxslərə yönəltməkdir” – QHT sədri / VİDEO

1992-ci ildə BMT Baş Assambleyasının qətnaməsinə əsasən hər il 3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslər günü kimi qeyd olunur.

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı QHT.az-a bildirib ki, hər il dekabrın 3-də BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin  daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər təşkil olunur. Bu tarixin Azərbaycanda da qeyd olunduğunu vurğulayan QHT sədri 3 dekabrda keçirilən Beynəlxalq Əlillər Günü, əlilliyi olan şəxslərin ehtiyaclarını başa düşməyə, hüquq və rifahına dəstəyi irəli çəkmək, onlar haqqında məlumatlandırmanın yaxşılaşdırılması məqsədi daşıdığını da bildirib: “Elə bu məqsədlə təşkilatımızın fəaliyyət istiqamətinə uyğun olaraq  sosial çarx hazırlanıb. Sosial çarxın əsas məqsədi cəmiyyətin diqqətini eşitmə məhdudiyyəti olan şəxslərə yönəltməkdir. Eşitmə məhdudiyyətli şəxslərə cəmiyyətdə hər yerdə rast gəlmək olar. Çünki onlar da cəmiyyətin bir parçasıdır. Onları fərqləndirən səssiz olmaları və yaxud da ağır eşitmələridir ki, bu da onların cəmiyyətdən təcrid olunmasına əngəl deyil. Eşidən insanlar düşünsələr ki, qarşısında olan eşitmə məhdudiyyətli şəxs ola bilər, bu səbəbdən hər sahədə onlara anlayış və diqqətli olmaları, onların daha çox cəmiyyətə inteqrasiyasına dəstək olar”.

QHT sədri həmçinin qeyd edib ki, eşitmə məhdudiyyətli uşaqlarımızın istedadlarını üzə çıxarılmasında, səhnə quruluşunda hər zaman təşkilatımıza dəstək, bizimlə birlikdə olan Müasir Rəqs Akademiyasının rəhbəri xaroqraf Günay Muradi bu sosial çarxın yaranmasının ideya müəllifidir: “Bu sosial çarxın çəkilməsində bizə təmənnasız xidmət göstərən zone.studio.Bakunun rəhbəri Ayxan Kərimli və komandasına isə xüsusi təşəkkür edirəm.  Hər zaman, hər yerdə İctimai Birliyimizin bir şüarı və bir missiyası var “Səssizliyin səsi olaq!!!””.

 

 

Pərvanə Fərhadqızı