QHT sədri: “Bəstəkarın səhnəciklərini bir ana xəttə birləşdirərək teatr tamaşası hazırlanmasını planlaşdırırıq”

“Mədəniyyət sahəsinə Bəhram Nəsibovun ifa edilməmiş mahnı və marşlarından bir neçəsini aranjeman etdirərək təqdim etmişik. Mahnı və marşlarından ibarət iki “Nəğmələrdə yaşayan ömür” kitabı dərslik vəsaiti kimi tədris edilir, eləcə də ansambllarımızın repertuarını bəzəyir. Hazırda kitabın 4 cildi üzərində iş proseslərini davam etdiririk”.

Bu fikirləri “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov QHT.az-a bildirib. QHT sədrinin sözlərinə görə, planlaşdırdıqları işlər arasında konsert proqramları, cizgi filmi sahəsində yenilik olacaq sürrealist cizgi filmi ssenarilərim xarici dilə tərcümə edilməkdədir: “Bəhram Nəsibovun karikatura mövzularını jurnal formatında hazırlayır, səhnəciklərini bir ana xəttə birləşdirərək teatr tamaşası hazırlanmasını planlaşdırırıq”.

Qeyd edək ki, Birliyin əsas missiya və məqsədlərindən biri mədəniyyət, Azərbaycançılıq, tarix və sosial fəaliyyətin sintezini yaratmaq, qeyri-standart, yeni yanaşmalarda layihələr icra etməkdir. Həmçinin konsert proqramları, film-konsert, sənədli filmlər, televiziya verilişləri, tamaşalar hazırlamaq, ensiklopedik, araşdırma, not, ssenari və s. kitabları hazırlayıb nəşr etdirməkdir. Həmin layihələrin icrası ilə yanaşı mövzunun anons formasında izah edib, daha da təkmilləşdirmək məqsədi ilə seminarların təşkil edilməsi və Azərbaycançılıq məfkurəsinə xidmət edən istənilən ideyaya layihələr formasında dəstək vermək əsas məqsədlərindəndir.

 

Pərvanə Fərhadqızı