Birinci Qarabağ müharibəsində əsgərlərimizi ruhlandıran 600-ə yaxın mahnı və marşlar yazan, “Vətən” ansamblı ilə dəfələrlə ön cəbhədə çıxışlar edən, öz sözlərilə yazmış olduğu mahnıları xarici ölkələrdə məşhur olan, hal-hazırda da efirlərimizdə, radiomuzda, konsert və el şənliklərində ən çox mahnıları səslənən, Azərbaycanda və Türk dünyasında Vətən və Turançılıq mövzusunda ən çox əsər yazan bəstəkar Bəhram Nəsibovun vəfatından 26 il ötür. Əsərləri qəzet və jurnallarda çap edilib, müəllif mükafatlandırılıb. 2000-ci ildə işıq üzü görən “Nəğməli sözlü Bəhram” kitabında (müəllif, prof. F.Sadıqov) onun mahnıları ilə yanaşı lirikası, hekayələri, səhnəcikləri, novellaları, parodiyaları, karikatura mövzuları, bəhri-təvilləri bu gün də xalqımız tərəfindən böyük məhəbbətlə və rəğbətlə qarşılanır. RUHU ŞAD OLSUN!
QHT.az “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibovdan MÜSAHİBƏ alıb.
QHT.az: Adil müəllim, mövcud fəaliyyətləriniz nələrdən ibarətdir?
Adil Nəsibov: Yaradıcılığını təbliğ etdiyimiz bəstəkar, şair, ifaçı, satirik Bəhram Nəsibovun ilkin etapda 600 mahnı və marşlarının ifası, notlaşdırılması işləri üzərində çalışırıq. Mahnı və marşların hələ müğənnilərimiz tərəfindən ifa edilməməsi, bəstəkarın ifasında zümzümə formasında olması, çətin proses olan ifa və notlaşdırılma prosesini bir az da çətinləşdirir. Həmin mahnı və marşlar xalqımızın mənəvi sərvətidir. Bu əsərlərin çox az hissəsi xalq tərəfindən eşidilib və yarım əsrdən çoxdur ki, dillər əzbərinə çevrilib. Xalqımızın sərvətini xalqımıza, mədəniyyətimizə qazandırmaq hesab edirəm ki, böyük bir ictimai fəaliyyətlərdəndi. Xalq şairi Qabil, Ulu Öndər Heydər Əliyevlə olan səmimi söhbətlərinin birində AYB-dən klassik şairlərdən öncə özünün yubuleyinin keçirilməsi üçün xahiş etdiyini dedi və fikrini belə əsaslandırdı ki, onlar tələsmirlər çünki dirilməyəcəklər, amma mən ölə bilərəm. Bəhram Nəsibovun həmin mahnı və marşları yalnızca mənim yaddaşımdadır. Ona görə də nə qədər ki, dünyamı dəyişməmişəm onsuz da zəngin olan mədəniyyətimizə Azərbaycanın məhşur bəstəkarlarından biri olan Bəhram Nəsibovun 600 mahnı və marşını (İ.B-miz artıq müəyyən qədərini notlaşdıraraq nəşr etdirib) qazandırmaq istəyirəm. Bu prosesi daha da sürətləndirmək üçün İctimai Birliyimizin Dövlət dəstəyinə ehtiycı var.
QHT.az: Təşkilatınızın missiyası və məqsədləri nələrdir?
Adil Nəsibov: Birliyimizin əsas missiya və məqsədlərindən biri mədəniyyət, Azərbaycançılıq, tarix və sosial fəaliyyətin sintezini yaratmaq, qeyri-standart, yeni yanaşmalarda layihələr icra etməkdi. Konsert proqramları, film-konsert, sənədli filmlər, televiziya verilişləri, tamaşalar hazırlamaq, ensiklopedik, araşdırma, not, ssenari və s. kitabları hazırlayıb nəşr etdirməkdi. Həmin layihələrin icrası ilə yanaşı mövzunun anons formasında izah edib daha da təkmilləşdirmək məqsədi ilə seminarların təşkil edilməsidir. Bir sözlə Azərbaycançılıq məfkurəsinə xidmət edən istənilən ideyaya layihələr formasında dəstək verməkdi. Cənab Prezident Zati-aliləri İlham Əliyev cənablarının 20 illik rəhbərliyi ilində 2003-cü ildən 2023-cü illərdə qədər Azərbaycanda elan olunan “Heydər Əliyev ili”, “Gənclər ili”, “Uşaq ili”, “Ekologiya ili”, “Turizm ili”, “İdman ili”, “Kənd təsərrüfatı ili”, “Multikulturalizm ili”, “İslam Həmrəyliyi ili”, “Azərbaycan Xalq Cumhuriyyəti ili”, “Nəsimi ili”, “Nizami ili”, “Şuşa ili”, “Heydər Əliyev ili” mövzularında Bəhram Nəsibov mahnı və marşlar yazıb”. Bunlardan başqa Azərbaycançılıq, Vətən, Turançılıq və s. mövzularına da yaradıcılığında yer ayırıb, bəstəkarın toxunmadığı mövzu, sahə, bayram demək olar ki, yoxdur. Bəstəkar Bəhram Nəsibov, 2024-cü ildə Cənab Prezident Zati-aliləri İlham Əliyev cənablarının elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili”, “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhəri və İslam dünyası mövzularına da yaradıcılığında yer ayırıb. Eləcə də 2024-cü ildə yaradılmasının 20 illiyi tamam olan “Heydər Əliyev Fondunun” Azərbaycançılıq ideologiyası istiqamətində apardığı uğurlu siyasətin demək olar ki, bütün kompanentlərini də vəsf edib. Ümid edirəm ki, 2025-ci, 2026-cı və sonrakı illərdə də elan ediləcək mövzular haqqında Bəhram Nəsibovun yaradıcılığında istər mahnı və marş, istərsə də şeir-qəzəl, bəhri-təvil, səhnəciklər və s. formasında toxunulmuş olduğunun şahidi olacağıq. Əgər toxunmadığı mövzular da olmuş olsa bu boşluğu yazacağım ssenarilərlə dolduraraq həmin illər üçün də aktual layihələr icra edəcəyik. Ölkəmizdə hər il elan edilən mövzuya hər birlik öz istiqamətində xidmət göstərmək istəyir. “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi yalnızca konsert və kitab nəşri deyil yuxarıda sadaladığım mövzuları yeni və fərqli istiqamətlərdə, yanaşmalarda Dövlətçiliyə xidmətini günü-gündən daha da geniş sferalarda davam etdirəcək. Təşkilat Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məktubla müraciət edib, müraciət qeydiyyata alınıb, Nazirliyin dəstəyi ilə 2024-cü il aprel ayının 8-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bəhram Nəsibovun mahnılarından ibarət konsert keçiriləcək.
QHT.az: Əsas nailiyyətləriniz hansılardır?
Adil Nəsibov: 2018-ci ildə “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyini təsis etmişik. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycançılıq məfkurəsinə xidmət etmişik. İ.B-imiz daxili imkanları ilə 2018-ci ildə “Heydər Əliyevin 95 illik yubuleyi və AXC-nin 100 illiyinə ithaf olaraq albom buraxıb və BMM-də təqdimatını keçirib. 2020-ci ildə QHT-lərə DDŞ-nın maliyyə dəstəyi ilə “Ailə cizgiləri“ sosial video-çarxını hazırlayıb. İ.B-imiz daxili imkanları ilə 2021-2022-ci illərdə Bəhram Nəsibovun mahnılarının not yazılarını “Nəğmələrdə yaşayan ömür” 6 cildliyinin hələlik iki cildini nəşr etdirib və təqdimatını həyata keçirib. 2022-ci ildə QHT-lərə DDA-nın maliyyə dəstəyi ilə Azərbaycan tarixi, şəhidləri haqqında A-dan Z-yə bütün məlumatları əks etdirən “Faciəli təqvim tariximiz” 12 cildlik ensiklopedik kitabını nəşr etdirib və təqdimatını təşkil edib. İ.B-imiz daxili imkanları ilə 2022-ci ildə Zəngəzur dəhlizin açılışına ithaf edilmiş “Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” araşdırma kitabını da nəşr etdirib və təqdimat mərəsimini Musiqi Akademiyasında təşkil edib. 2023-cü ildə QHT-lərə DDA-nın maliyyə dəstəyi ilə “Heydər Əliyev ili”nə tövhə vermək məqsədi ilə “Azərbaycançılığın musiqili təqdimatı” jurnalını hazırlayaraq nəşr etdirib və təqdimat mərasimini təşkil edib. Jurnalda bəstəkar Bəhram Nəsibovun Ulu Öndər Heydər Əliyev cənablarının qayıdışını alqışlayan şeiri, şəxsiyyəti və siyasətinə həsr etdiyi mahnı və marşları, qurucusu olduğu partiya haqqında, uğurla apardığı gənclər siyasəti, bayrağımıza münasibəti, təməlini qoyduğu Azərbaycan-Türkiyə münasibətləri haqqında hələ ifa edilməmiş mahnı və marşlarının mətni, not yazısı ilə yanaşı, mövzunu əks etdirən rəsm əsərləri, fotolar, yazılı məlumatlar, rəylər daxil edilib. Jurnalda xronoloji ardıcıllığı bilərəkdən pozaraq hələ 1988-ci ildə yeni başlamaqda olan Qarabağ probleminin həlli üçün yeganə ümidin Heydər Əliyev olduğu qeyd olunan Milli Dirçəliş gününə bəstəkarın həsr etdiyi mahnını sona saxlamışıq. Səbəb - Ali Baş komandan Zati-Aliləri İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Ordumuzun səyi nəticəsində qısa müddətdə işğaldan azad edilən Qarabağın elə qısa müddətdə də bərpa edilməsi ilə yaşadığımz hər günün artıq Yeni Milli Dirçəliş günü olmasını göstərmək idi. Bu haqda izahatın jurnalda və təqdimat mərasimində verməməsinin səbəbi həmin fikri hər kəsin düşünərək tapmasına, bununla da şüuraltı qatın fəaliyyətinin intensiv işləməsinə cüzi də olsa xidmət etmək və həmin fikrin şüuraltı qata həkk olunmasına nail olmaq idi. Yeri gəlmişkən qeyd edim ki, Bəhram Nəsibov I Qarabağ müharibəsində əsgərlərimizi ruhlandıran mahnı və marşlar yazıb, ifaçı kimi yaratmış olduğu “Şahnaz” ansamblının adını vətənin dar günündə dəyişib “Vətən” edərək dəfələrlə ön cəbhədə çıxışlar edib. 44 günlük Vətən müharibəsində Müzəffər ordumuz bəstəkarın “Qarabağ” mahnısı ilə qələbəyə kökləndi və mahnı Vətən müharibəsinin himninə çevrildi. Bəstəkar Qarabağ zəfərinin memarı olacaq şəxsə də mahnı bəstələyib.
QHT.az: Gələcək aylar və illər üçün planlaşdırılmış tədbirləriniz nələrdən ibarətdir?
Adil Nəsibov: 2024-cü il Şuşa şəhəri “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib, eləcə də “Heydər Əliyev Fondu”nun yaradılmasının isə 20 illik yubuleyidir. Gələn il həm də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Bəhram Nəsibov həm Şuşa şəhəri, həm İslam dünyası, həm Ulu Öndər Heydər Əliyev cənablarının şəxsiyyəti və aparmış olduğu uğurlu siyasi kursu, yaratmış olduğu partiyanı, dövlətçiliyi, Azərbaycançılığı tərənnüm edən mahnı və marşlar yazıb. 2024-cü il prerzident seçkilərində Ali Baş komandan Zati-Aliləri İlham Əliyev cənablarına dəstək vermək məqsədi ilə bu mövzuları özündə ehtiva edəcək, əksəriyyəti hələ də ifa edilməmiş mahnı və marşlarından ibarət konsert proqramı təşkil etməyi planlaşdırırıq. Yuxarıda sadaladığım mövzularla yanaşı konsert proqramında Azərbaycanın çiçəklənməsini əks edən əsərlər də səsləndiriləcək, ideoloji təbliğat isə konsert proqramında mədəniyyətlə siyasətin vəhdətini yaratmış olacaq. İctimai xadim Leyla Əliyevanın şeirlərinə, Azərbaycan folkloru əsasında və s. mövzularda yazdığım surrealist ssenarilərin (həmin ssenarilərdən biri haqqında məhşur kinorejissorumuz Ayaz Salayev rəy də yazıb) əsasında jurnallar, tamaşa hazırlamaq, gələcəkdə isə bədii və cizgi filmlərinin çəkilməsini layihələr formasında təşkil etməyi planlaşdırırıq. Digər planlarımız isə xarici ölkələrdə Azərbaycanın və Azərbaycançılığın musiqili təbliği ilə əlaqəlidir.
QHT.az: Təşkilatınız hansı sahələrdə təşkilatçılıq göstərir?
Adil Nəsibov: Mədəniyyət sahəsinə Bəhram Nəsibovun ifa edilməmiş mahnı və marşlarından bir neçəsini aranjeman etdirərək təqdim etmişik. Mahnı və marşlarından ibarət iki “Nəğmələrdə yaşayan ömür” kitabı dərslik vəsaiti kimi tədris edilir, eləcə də ansambllarımızın repertuarını bəzəyir. Hazırda kitabın 4 cildi üzərində iş proseslərini davam etdiririk. Planlaşdırdığımız işlər arasında konsert proqramları, cizgi filmi sahəsində yenilik olacaq sürrealist cizgi filmi ssenarilərim xarici dilə tərcümə edilməkdədir. Bəhram Nəsibovun karikatura mövzularını jurnal formatında hazırlayır, səhnəciklərini bir ana xəttə birləşdirərək teatr tamaşası hazırlanmasını planlaşdırırıq.
QHT.az: Təşkilatınızın cəmiyyətə təsiri və sosial inkişafı üçün hansı addımlar atılır?
Adil Nəsibov: Vətənpərvərlik yönümlü ilk layihəmizdə Azərbaycançılıq məfkurəsini musiqinin dililə xronoloji formada təbliğ edilmişdi. Belə ki, övladın dünyaya gəlməsi, sevib-sevilməsi, vətənpərvərlik hissləri ilə böyüdüyünə görə vətənin dar günündə sevdiyi qıza toy günün qələbəyə qədər təxirə salınmasını deyərək döyüşə yollanması mesajı verilir. Sosial yönümlü layihəmiz olan “Ailə cizgiləri“ sosial video-çarxında övlad ailədə valideynlərini daim mübahisə etdiyini görərsə neqativliyə, alkoqalizmə, narkomaniyaya köklənə biləcəyi mesajı verilir. Bəhram Nəsibovun mahnılarının not yazıları “Nəğmələrdə yaşayan ömür” 6 cildlik not kitablarının birinci cildi Musiqi Akademiyasının rəhbər heyətinin rəyi əsasında, ikinci cildi isə Milli Konservatoriyanın dərsliyi kimi çap edilib. Hər iki cild kitabxanalara, arxiv idarələrinə, Ali təhsil ocaqlarına, televiziyalarımıza, ansambllarımıza, Mədəniyyət Nazirliyinə təqdim edilib. Hazırda kitabın digər cildləri üzərində işləyirik. Bu kitablarda əksəriyyəti ifa edilməmiş, rəngarəng mövzuları əks edən, Azərbaycan və dünya klassiklərinin şeirlərinə bəstələnmiş, romans, mahnı və marşlar daxil edilib. Kitablar dəsrlik vəsaiti kimi tədris edilir, mədəniyyətimizin zənginləşməsində xidmət göstərməkdədir. Azərbaycan tarixi, şəhidləri haqqında A-dan Z-yə bütün məlumatları əks etdirən “Faciəli təqvim tariximiz” 12 cildlik ensiklopedik kitablar şəhidlərimiz, faciələrimiz haqqında rəsmi mənbə kimi stolüstü kitaba çevrilib və İ.B-yimizdən daim istənilməkdədir. Bu səbəbdən 12 cildliyin yenidən nəşri də planlarımız arasındadır. Bu kitablar da yuxarıda sadaladığımız qurumlara təqdim edilib. Zəngəzur dəhlizin açılışına ithaf edilmiş “Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” araşdırma kitabında Ermənilər tərəfindən mənimsənilmiş, təhrif edilərək dəyişdirilmiş 43 yallımızın orginal variantının not yazıları, erməni plagiatları haqqında elmi araşdırmalar yer alıb. Bu kitab gələcəkdə Qərbi Azərbaycana qayıdış proqramının strategiyasında əhəmiyətli rol oynayacaq. Məhkəmə proseslərində bu kitabdan da mənbə kimi istifadə ediləcək. Bu kitab da yuxarıda sadaladığımız qurumlara təqdim edilib. “Azərbaycançılığın musiqili təqdimatı” jurnalınında Ulu Öndər Heydər Əliyev cənablarının şəxsiyyəti və apardığı uğurlu siyasəti müxtəlif istiqamətlərdən işıqlandırılıb. Milli Qurtuluş Günü, gənclər siyasəti, bayrağımız, Azərbaycan-Türkiyə münasibətləri, Milli Dirçəliş günü haqqında yazılmış və hələ ifa edilməmiş mahnı və marşlar ilk dəfə “Heydər Əliyev ili”ndə ictimaiyyətə çatdırılıb. Jurnalda YAP-ın informasiyaları, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqının rəyləri, Prezident Kitabxanasının təqdim etdiyi Ulu Öndərin hər mövzuya uyğun aforizmləri yer alıb. Bunula yanaşı mahnı və marşların mətni və not yazıları, hər mövzunun ruhunu əks etdirən, məxsusi olaraq jurnal üçün çəkilmiş rəsmlər, eləcə də fotolar yer alıb. Jurnal “Ağ ekran” effekti yaradır. Belə ki, oxucu yazılı məlumatlar, mahnı və marşların mətnləri, not yazıları, rəsmlər və fotolar, aforizmlər, rəylərlə tanış olduqda hər dəfə fikrində bir neçə film-konsert canlanmış olur. Bu da tək büdcədə bir neçə layihənin icra edilməsi effekti yaratmış olur.
QHT.az: Sosial və ictimai sahələrdə təşkilatın göstərdiyi fəaliyyətlər hansılardır?
Adil Nəsibov: Bəhram Nəsibovun anadan olduğu Füzuli şəhərinə bu il səfər etdik. Səfər zamanı Füzuli şəhərini və şəhərə köç edən qaçqınları, Füzuli şəhərinin xarabalığa çevrilmiş xeyli sayda kəndləri, işğal vaxtı qurulmuş erməni səngərləri, məhv edilmiş düşmən texnikasını və tarixi abidələrimizin video çəkilişlərini apardıq. Partlayıcı tələ qurğularına düşmək riskimizə baxmayaraq tarixçi-tədqiqatçı Nazim Tapdıqoğlunun təqdimatında apardığımız video çəkilişləri sosial şəbəkələrdə paylaşmışıq. Video çəkilişlər həmin ərazilərin necə dağıdılmasını dünya ictimaiyyətinə çatdırmaqla bərabər həmin ərazilərdə xatirələri olan vətəndaşlarda romantik nostalji hissləri oyatmış oldu. İşğaldan azad edilmiş ərazilərdə dünya standartlarına uyğun aparılan quruculuq işləri də video çəkilişdə əksini tapdı. Xarabalıqlara çevrilmiş ərazilərimizi əks etdirən bu formatdakı video çəkilişlər keçmişi unutmamaq istiqamətində ictimai əhəmiyyətə malikdi. Ona görə də televiziyalarımızı belə bir işdə fəallığa dəvət edirəm. Qarabağ həsrəti ilə dünyasını dəyişmiş Bəhram Nəsibovun doğulduğu kənddən götürdüyümüz torpağı bəstəkarın Bakı şəhərindəki qəbrinə səpərək ruhunu şad etmiş olduq. Bununla da ailə dəyərlərinə ehtiram istiqamətində də əyani təbliğat aparmış olduq. 2024-cü il Prezident seçkilərində Birliyimizin namizədi olan İlham Əliyev cənəblarına dəstək vermək məqsədi ilə strategiyamızı planlaşdırırıq. Eləcə də gələn il “Heydər Əliyev Fondu”nun 20 illik yubileyi və Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paxtaxtı” elan edilməsinə tövhələr verməyə hazırlaşırıq. Apardığımız Azərbaycançılıq məfkurəsinin təbliğində daim Birliyimizə dəstək olan DDA-nə təşəkkürümüzü bildirirəm. Gələnilki planlarımızı həyata keçirmək üçün DDA-nin elan etdiyi qrant müsabiqəsinə bu istiqamətdə növbəti dəfə də müraciət etmişik.
Pərvanə Fərhadqızı