“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi təhsil ocaqlarında layihəsini davam etdirir - FOTOLAR 

“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 18 yanvar 2024-cü il tarixində Maştağa qəsəbəsi C.Cabbarlı adına  187 № li tam orta məktəbdə “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin növbəti tədbirini  təşkil edib.

Layihə rəhbəri Namiq Nəcəfov QHT.az – a bildirib ki, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən təşkil olunmuş 17-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşən, Azərbaycan Respublikasının Elm və Təhsil Naziliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin razılığı ilə 01 dekabr 2023-cü il tarixindən başlayaraq, “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən Sabunçu rayonu Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9 təhsil ocağında həyata keçirilən “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin icrası davam edir. 18 yanvar 2024-cü il tarixində, layihənin İcra Planına uyğun olaraq, Maştağa qəsəbəsi C.Cabbarlı adına 187 № li tam orta məktəbin informatika kabinetində layihənin növbəti tədbiri keçirilmişdir.

Burada, Heydər Əliyevin böyük formatlı fotosu, molbert üzərində, şagirdlərin Ulu Öndərə həsr etdiyi  rəsmlər nümayiş etdirilirdi. Məktəbin kitabxana fondunda saxlanılan Heydər Əliyevə həsr olunmuş çox maraqlı  albomlar, kitablar və digər əyani vəsaitlər nümayiş etdirilirdi. “Oriqami” təşkilatı, masa üzərində, layihə çərçivəsində hazırlanmış loqolu məlumat lövhələri,  loqolu  kiçik formatlı bayraqlar, loqolu qələm, loqolu qovluq, loqolu dəftərçə, Sertifikat, loqolu titul vərəqləri, loqolu Hədiyyə çantası, loqolu bəcləri nümayiş etdirirdi.

Tədbirdə C.Cabbarlı adına 187 № li tam orta məktəbin direktoru vəzifəsini icra edən F.Mikayılzadə ,G. Hüseynli, X.Məhərrəmli, S.Musayeva və layihə rəhbəri Namiq Nəcəfov iştirak edirdilər. Tədbirə VII,VIII sinif şagirdləri toplaşmışdılar. Onlar könüllülük prinsipi əsasında “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinə qoşularaq tətil günlərində, evdə, Ulu Öndərə həsr olunmuş esse yazıları hazırlamışdılar. Tədbiri, giriş sözü ilə, layihə rəhbəri N.Nəcəfov açdı. O, çıxışında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş silsilə  tədbirlər barəsində  geniş məlumat verdi və bildirdi ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində C.Cabbarlı adına 187 № li tam orta məktəbdə “Oriqami” təşkilatı tərəfindən icra olunan “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə Bakıətrafı kənd və qəsəbələrdə yaşayan uşaq, yeniyetmə və gənclərin intellektual inkişafına istiqamətlənmişdir.

Məktəbin pedaqoli heyəti adından çıxış edən Fərəh Mikayılzadə “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin şagirdlərin təlim-tərbiyəsində mühüm əhəmiyyətini qeyd edib. Tədbirə toplaşmış 15 nəfər VII - VIII sinif şagirdləri  Ulu Öndərə həsr olunmuş esse yazılarından kiçik parçalar oxudular. Şagirdlərin maraqlı çıxışları bütün iştirakçıların çox xoşuna gəldi və dəfələrlə alqışlandı.

Layihə rəhbəri N.Nəcəfov təqbirdə fəal iştirak etdikləri üçün  şagirdlərə təşəkkür etdi və tədbirin keçirilməsi üçün  yaradılan şəraitə və təşkilatçılığa görə C.Cabbarlı adına 187 № li tam orta məktəbin   pedaqoji heyyətinə  minnətdarlığını bildirdi.