“Gənclərin inkişafı bütün cəmiyyətin, sağlam gələcəyi baxımından böyük önəm kəsb edir” - Fatimə Hacıbəyli

“Gənclər bu ölkənin ən qiymətli sərvəti, gücü və ümididir. Gənclik bir millətin yüksəlməsində ən mühüm faktor olmaqla yanaşı, cəmiyyətin özülüdür. Gənclərin inkişafı, təhsili və tərbiyəsi bilavasitə bütün cəmiyyətin, sağlam gələcəyi baxımından böyük önəm kəsb edir. Bu gün gənclərimizin ölkənin siyasi, sosial-iqtisadi sahələrində mühüm vəzifələrə təyin olunur”.

Bu fikirləri "Vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyi" nin rəhbəri Fatimə Hacıbəyli QHT.az –a açıqlamasında qeyd edib. QHT sədri bildirib ki, gənclərimiz göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, məsuliyyətini də dərk edir və dövlətimizin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə töhfəsini verməyə çalışır. 2011-ci il 7 iyul tarixli Sərəncam ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması təməli Ümummilli lider tərəfindən qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığının və davamlılığının əyani sübutu olduğunu da vurğulayan Fatimə Hacıbəyli hazırda elmin və texnologiyanın sürətli inkişafı, postneft dövrünün başlanması Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri etdiyini də bildirib: “Gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanıb”.

 

Pərvanə Fərhadqızı