Ceyhun Bayramov Tomas Bager ilə görüşüb
29 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin dövlət katibi Tomas Bager ilə görüşüb.
Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılmış sonuncu danışıqlar barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycanla Almaniya arasında münasibətlərin əhəmiyyətini vurğulayıb, münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar. Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı və digər platformalar çərçivəsində ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının qəbuledilməz olduğu Azərbaycan tərəfindən bildirilib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin, eləcə də Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin geniş əməkdaşlıq imkanları yaratdığı qeyd olunub.
Qarşı tərəf Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivləri, aparılmış sonuncu danışıqlar barədə məlumatlandırılıb, ölkəmizin sülh sazişi layihəsi üzrə baxışları, Ermənistanla münasibətlərin və sülhün təsis edilməsi üçün vacib əhəmiyyət kəsb edən məqamlar diqqətə çatdırılıb.
Prosesin irəlilədilməsi istiqamətində görüşlərin təşkilində dəstəyə görə Almaniya tərəfinə təşəkkür ifadə olunub.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.