"Erkən Nikahın Fəsadları" layihəsinə start verilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi uşaq evliliyi və onun fəsadlarından bəhs edən, eyni zamanda bu istiqamətdə yeniyetmə qızlar və onların valideynləri arasında maarifləndirmə işinin təşkiliylə bağlı yeni bir layihənin icrasına start verib. “Erkən nikahın fəsadları” adlı layihə iyun ayının 1-dən başlayaraq 3 ay ərzində Saatlı, Sabirabad və Goranboy rayonlarını əhatə edəcək.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi yetkinlik yaşına çatmayan qızların erkən nikaha cəlb və ya məcbur edilmələrinin, həmçinin erkən evlilikdən yaranan fəsadların başvermə səbəblərinin araşdırılması, üzə çıxarılması, qızların təhsildən kənarda qalmalarının qarşısının alınması məqsədilə valideynlər və qızların birgə maarifləndirilməsi işinin təşkilindən  ibarətdir. 

Birlikdən verilən  məlumata görə, layihənin məqsədindən irəli gələrək aparılan araşdırmalardan məlum olur ki, hələ də yeniyetmə qızların gələcəkdə və ya öz ailələrində məişət zorakılığı qurbanlarına, bir az da irəli getsək, insan alveri qurbanlarına çevrilməmələri üçün biz maarifləndirmə -təbliğat işlərimizi durmadan davam etdirməlidir. Layihə həyata keçirilərkən daha çox aztəminatlı, çətin həyat şəraitdə yaşayan, məktəbdən, təhsildən kənarda qalan qızlar ictimaiyyət arasında sorğular apararaq müəyyənləşdiriləcək və layihə icraçıları tərəfindən ailələrinə səfərlər təşkil ediləcək. Səfər zamanı ailənin sosial vəziyyəti, yeniyetmə qızın yaşadığı şərait öyrəniləcək, valideynləri ilə söhbətlər aparılacaq, anonim sorğu keçiriləcək. Layihənin icrasının effektivliyini təmin etmək məqsədilə keçiriləcək seminar  iştirakçılarına mövzuya uyğun olaraq layihə çərçivəsində hazırlanmış sosial çarx nümayiş olunacaq. 

Qeyd edək ki, layihə çərçivəsində təşkil olunacaq bütün fəaliyyətlərdə layihəyə cəlb olunacaq könüllü mütəxəssislər layihəyə öz töhfələrini verəcəklər.