Qəzza zolağında qadınların və uşaqların psixoloji sağlamlığı və aclıq problemləri - MÜSAHİBƏ 

Qəzza zolağında minlərlə qadın və uşaq ciddi qida çatışmazlığı və münaqişələrin təsiri altında yaşamağa məcburdur. BMT-nin məlumatlarına görə, bu bölgədə aclıq riski yüksək olaraq qalır. QHT.az olaraq, bu çətinliklərin qadın və uşaqların psixoloji sağlamlığına təsirini araşdırmaq üçün uşaq inkişafı üzrə mütəxəssis, Sosial iş üzrə doktorant Ülviyyə Mirzəyeva ilə müsahibə apardıq. Ülviyyə xanım uzun illərdir ki, uşaq psixologiyası və sosial iş sahəsində fəaliyyət göstərir və konflikt zonalarında yaşayan insanların psixoloji sağlamlığı mövzusunda dərin biliklərə malikdir.

 

QHT.az: Qəzza zolağında ən azı 557 000 qadının ciddi qida çatışmazlığı ilə üzləşdiyi bildirilir. Münaqişələrin təsiri altında yaşayan qadınların psixoloji sağlamlığına bu vəziyyətin təsiri necədir?

Ülviyyə Mirzəyeva: Uzunmüddətli konflikt zonalarında yaşamaq insanların psixi sağlamlığına ciddi təsir edir. Hədəfə alınan insanlarda və onların yaxınlarında psixi sağlamlıq problemləri ortaya çıxır. Bu problemlərə travma sonrası stress pozğunluğu, narahatlıq, depressiya, anksiyete, narkotik maddə istifadəsi və bəzi hallarda psixozlar daxildir. Ən çox rastlanan və müalicəyə çətin tabe olan travma sonrası stress pozğunluğudur. Travmaya yönəlmiş koqnitiv davranış terapiyası və antidepresanlar kimi müalicələr effektiv olsa da, münaqişə davam etdiyi müddətcə bu müalicələrin tam effektli olması çətinləşir.

 

QHT.az: Qida çatışmazlığı və aclığın psixoloji təsirləri nələrdir və bu vəziyyətlə üzləşən qadın və uşaqlar üçün hansı dəstək mexanizmləri mövcuddur?

Ülviyyə Mirzəyeva: Aclıq ciddi psixi sağlamlıq problemlərinin inkişafına səbəb ola bilər. Uşaqlar şiddətli aclıqla yaşadıqları təqdirdə travma sonrası stress pozğunluğuna 56 faiz daha çox məruz qalırlar. Onlarda ağır depressiya yaranması ehtimalı da yüksəkdir. Aclıq həmçinin fiziki sağlamlığa da təsir edir. Kifayət qədər qidalanmama vəziyyəti üzülmə, kaxeksiya, zülal və enerji çatışmazlığı, çəki artımının dayanması kimi hallara səbəb olur. Aclıq zamanı infeksiyalara qarşı müqavimət qabiliyyəti pisləşir və insanlar yoluxucu xəstəliklərdən daha çox əziyyət çəkir.

Psixi sağlamlıq problemlərini həll etmək üçün münaqişənin həlli vacibdir. Bununla yanaşı, psixi sağlamlıq mütəxəssislərinə çıxışın təmin edilməsi və konflikt bölgələrinə mobil tibbi xidmət qruplarının cəlb edilməsi mühümdür. Psixi sağlamlıq məsələləri ilə bağlı maarifləndirmə tədbirləri də vacibdir.

 

QHT.az: Münaqişələrdən və hücumlardan əziyyət çəkən tələbələrin psixoloji travmalarını necə qiymətləndirmək olar və onlara necə kömək etmək mümkündür?

Ülviyyə Mirzəyeva: Münaqişə zonasında yaşayan tələbələr ciddi psixoloji sağlamlıq problemləri ilə üzləşə bilərlər. Bu təsirlər dərhal və uzunmüddətli ola bilər. Dərhal təsirlər qorxunc yuxular, diqqət pozuntusu, aqressivlik və ölüm qorxusu kimi halları əhatə edir. Bu problemlər müalicə olunmadıqda uzunmüddətli dövrdə Posttravmatik stress pozuntusuna və ciddi ruhi əsəb xəstəliklərinə səbəb ola bilər.

Uşaqların təhsillə təmin edilməsi onları bir çox təhlükələrdən qoruyur. Məktəbdən kənarda qalan uşaqlar silahlı qüvvələr və qruplar tərəfindən zorakılığın, istismarın və işə götürülmənin asan hədəfinə çevrilə bilərlər. Təhsilin rəqəmsallaşdırılması da bu prosesdə əhəmiyyətli rol oynayır. Münaqişə vəziyyətlərində dərslərin əvvəlcədən yüklənmiş kitablar və dərslər vasitəsilə təmin edilməsi səmərəli həll ola bilər.

 

QHT.az: Təşəkkür edirik, Ülviyyə xanım. Verdiyniz məlumatlar çox dəyərlidir və ümid edirik ki, bu məlumatlar insanların psixoloji sağlamlığına və ümumi rifahına töhfə verəcək.

Ülviyyə Mirzəyeva: Mən də sizə təşəkkür edirəm. Qəzza zolağında yaşayan qadın və uşaqların vəziyyəti çox ağırdır və biz hər kəsin bu mövzuda məlumatlı olmasını təmin etmək üçün əlimizdən gələni etməliyik.

 

 

Pərvanə Fərhadqızı

QHT.az