"Media ayı" təlimləri gənclərə media savadlılığı və informasiya təhlükəsizliyi biliklərini aşıladı - FOTOLAR
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə könüllülük proqramı çərçivəsində həyata keçirilən “Media ayı”nın son təlimləri Bakı şəhərində aparıcı, araşdırmaçı jurnalist Elmin Bayramlı tərəfindən “Xəbər hazırlanmasının əsasları”, Qazax rayonunda isə jurnalist, ssenari müəllifi, rejissor, Birinci Qarabağ və Vətən müharibəsi iştirakçısı İlham Tumas tərəfindən "İnformasiya təhlükəsizliyi, milli təhlükəsizlik problemləri: dünən, bu gün, sabah" mövzusunda keçilib.
QHT.az xəbər verir ki, sual-cavab formatında davam edən təlimlərdə müvafiq mövzular üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ümumilikdə 11 şəhər və rayonda keçirilən təlimlərin əsas məqsədi gənclərə yeni media mühitindəki tendensiyaları, media savadlılığı ilə bağlı zəruri hesab edilən bilik və bacarıqları aşılamaq, cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsində gənclərin rolunu artırmaq, eyni zamanda onların tənqidi düşünmə və təhlil bacarıqlarını inkişaf etdirmək olub.