“QHT-lərimiz Gürcüstan qeyri-hökumət təşkilatları ilə təcrübə mübadiləsi aparıb” – QHT sədri

““Azərbaycanda vətəndaș iștirakçılığının gücləndirilməsi" layihəsi çərçivəsində Azərbaycan QHT-ləri üçün Gürcüstanda təcrübə mübadiləsi proqramına uyğun olaraq Batumidə, Kutaisidə və digər bölgələrdə maraqlı görüşlərə baṣlamışıq”.

Bu sözləri Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az -a açıqlamasında bildirib. Onun sözlərinə görə, layihənin əsas mövzusu iqlim dəyişikliyi və ətraf mühitin qorunması məsələləri olub: “Bu prosesdə Azərbaycandan iqlim və ətraf mühit sahəsində çalışan təcrübəli təşkilatlar iştirak edib. Layihə Almanya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin təşkilati dəstəyi ilə həyata keçirilib. Azərbaycanın qeyri-hökumət təşkilatları Gürcüstanın Batumi, Kutaisi və digər bölgələrində fəaliyyət göstərən Gürcü qeyri-hökumət təşkilatları ilə təcrübə mübadiləsi aparıb. Bu mübadilə kifayət qədər ciddi və faydalı olub. Fərqli turlar və sosial layihələrlə tanışlıq əsasında qarşılıqlı bir mübadilə həyata keçirilib”.

QHT sədri həmçinin bildirib ki, bu təcrübə mübadiləsi Azərbaycan və Gürcüstan qeyri-hökumət təşkilatlarının gələcək əməkdaşlığının və təcrübə mübadiləsinin gücləndirilməsində əhəmiyyətli rol oynayacaq.

 

Pərvanə Fərhadqızı