Bu il insan alveri qurbanı və potensial insan alveri qurbanı olan 24 nəfərə sosial-reabilitasiya xidmətləri göstərilib
BMT Baş Assambleyasının qətnaməsinə əsasən hər il iyulun 30-u Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd edilir. Ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilməklə, insan alveri qurbanlarının sosial müdafiəsi və reabilitasiyası istiqamətində də məqsədyönlü işlər aparılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən bu istiqamətdə görülən işlərin davamı kimi, cari ildə daha 24 nəfər insan alveri qurbanı və potensial insan alveri qurbanına (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxsə) sosial-hüquqi, sosial-iqtisadi, sosial-psixoloji və tibbi-sosial xidmətlər göstərilib.
Mərkəzin sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət işçi heyəti tərəfindən həmin zərərçəkmiş şəxslərin hər biri ilə bağlı fərdi sosial reabilitasiya planı tərtib edilib və həyata keçirilib.
İnsan alveri qurbanları və potensial insan alveri qurbanlarının peşə hazırlığını və məşğulluğunu təmin etmək üçün də dəstək göstərilir. Hazırda Mərkəzdə qeyd olunan şəxslərlə bağlı sosial-reabilitasiya xidmətləri davam edir.