Venesiya turistlər üçün yeni məhdudiyyətlər tətbiq edir

Avqustun 1-dən Venesiyada turist qruplarının sayı 25 nəfərlə məhdudlaşdırılacaq.

QHT.az xəbər verir ki, İtaliyanın Venesiyası Avropada overturizmin nəticələrindən ən çox təsirlənən şəhərlərdən biridir. Və artıq bir neçə ildir ki, yerli hakimiyyət orqanları müxtəlif məhdudiyyətlər tətbiq etməklə turist axınına nəzarəti ələ keçirməyə çalışır. Onlardan ən çox diqqət çəkəni 2024-cü ilin yazında şəhərə giriş haqqının tətbiqi olub .

İndi Venesiya hakimiyyəti turistlər üçün yeni məhdudiyyətlər tətbiq etmək qərarına gəlib: 2024-cü il avqustun 1-dən turizm zonalarında izdihamı azaltmaq üçün şəhərdə cəmi 25 nəfərdən ibarət turist qruplarının toplanmasına icazə veriləcək.

Bundan əlavə, turist bələdçilərinə “yerli sakinlərin dincliyini qorumaq” və piyadaların daha sərbəst hərəkətini təmin etmək üçün səsucaldanlardan istifadə etmək qadağan ediləcək. Bu tədbirlərə əməl etməyənləri 25 avrodan 500 avroya qədər cərimə gözləyir. Məhdudiyyətlər şəhərin mərkəzinə, həmçinin Murano, Burano və Torçello adalarına şamil edilir.

Əvvəlcə bu tədbirlərin 2024-cü ilin iyununda qüvvəyə minməsi nəzərdə tutulurdu, lakin sonradan onların avqust ayına təxirə salınması qərara alınıb.

 

Pərvanə Fərhadqızı