QHT sədri İctimai şuraların vətəndaş iştirakçılığındakı rolundan danışıb
“İctimai şuralar vətəndaş iştirakçılığının ən vacib funksiyasını həyata keçirən qurumlardır. Bu şuralar, müvafiq dövlət qurumları yanında ictimaiyyətin nümayəndəlik institutudur və vətəndaşların həmin dövlət qurumları yanında nümayəndəlik statuslu bir qurum kimi fəaliyyət göstərirlər”.
QHT.az xəbər verir ki, bu sözləri "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İB-nin sədri Cəsarət Hüseynzadə bildirib. Onun sözlərinə görə, bu institut, dövlət qurumlarına vətəndaşların daha yaxın olmasını təmin edir və onların problemlərinə daha sürətli reaksiya verilməsinə imkan yaradır: ““İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi, son dörd ildə ictimai şuraların fəaliyyətinin monitorinqini həyata keçirir. 2022-ci ildə ekspert qrupunun apardığı qiymətləndirmə nəticəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şura, ən yüksək fəaliyyət göstəricilərinə sahib olan ictimai şuralardan biri kimi qiymətləndirilib. 2023-cü ildə isə onlayn sorğu vasitəsilə vətəndaşların rəyləri toplanaraq, bu qiymətləndirmə prosesi davam etdirilib və nəticələrə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ictimai şura yenidən ən yaxşı ictimai şura nominasiyasında qalib olub”.
Pərvanə Fərhadqızı
QHT.az