Qarpız Mövsümü və Qida Təhlükəsizliyi - Sağlam qidalanma mütəxəssisindən AÇIQLAMA

"Azərbaycanda qarpızın təbii mövsümü iyulun 20-dən sonra başlayır. Bu dövrə qədər satılan qarpızların əksəriyyəti hormonlarla böyüdülmüş, süni istilik verilmiş və həddindən artıq azotla yetişdirilmiş olur. Bu cür qarpızların insan orqanizmi üçün heç bir faydalı xüsusiyyəti yoxdur və sadəcə lifli bir qida olaraq qəbul edilir".

Bu sözləri QHT.az- a açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri və sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib. O, qarpızın mövsümü və onun təhlükəsizliyi haqqında mühüm məlumatlar verib. Məhsəti Hüseynova vurğulayır ki, bu kimyəvi maddələr insan orqanizmini zəhərləyə bilər, xüsusən də həssas yaş qruplarına daxil olan insanlar, uşaqlar, xroniki xəstəlikləri olan şəxslər, hamilə qadınlar və yaşlı insanlar üçün bu daha təhlükəlidir: "Belə qarpızlar qəbul edildikdə başqa qidalarla birgə yeyildikdə, immun sistemi zəif olan insanlarda qidaların qarşılıqlı təsiri nəticəsində də zəhərlənmə baş verə bilər".

M. Hüseynova əlavə edir ki, mövsümdə olmayan qarpız yemək məsləhət görülmür: "Bəzən satıcılar bu qarpızların xarici ölkələrdən gətirildiyini desələr də, belə qarpızlar uzun müddət daşınma üçün kal şəkildə dərilir və yolda müxtəlif dərmanlama prosesləri aparılır ki, xarab olmasınlar. Bu dərmanlar insan orqanizmində yığılıb qalır və qaraciyər və böyrək çatışmazlığına səbəb ola bilər. Ona görə də, qarpızı yalnız təbii mövsümündə, iyulun 20-dən sonra qəbul etmək tövsiyə olunur".

 

 

Pərvanə Fərhadqızı

QHT.az