QHT könüllüləri üçün paytaxt və regionlarda film nümayişi keçirilib - FOTOLAR
2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri üçün paytaxt və regionlarda film nümayişi keçirilib.
QHT.az xəbər verir ki, könüllülər Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin istehsalı olan "Mübariz" filmini izləyiblər.
Qeyd edək ki, filmin baş prodüsseri və ssenari müəllifi Nicat Mənalı, quruluşçu rejissoru Natiq Novruzovdur. Film nümayişi gənclər arasında zəngin tarixə malik milli kinolarımıza olan marağı artırmaq, eyni zamanda bu sənət növünün gənc nəslin vətənpərvər ruhda yetişməsindəki əhəmiyyətli rolunu diqqətə çatdırmaq məqsədilə keçirilirdi.
Qeyd edək ki, 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirib. Bu səbəblə, Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Pərvanə Fərhadqızı