“Qeyri-hökumət təşkilatları və ictimai şuralar arasında uğurlu əməkdaşlıq modelləri qurulmalıdır ki…”

“İctimai iştirakçılığın müxtəlif formaları mövcuddur və bunlar arasında ictimai dinləmələr, ictimai rəyin öyrənilməsi və qanunvericilik aktlarının monitorinqi xüsusi yer tutur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, bu sahədə ən fəal dövlət qurumlarından biridir. Nazirlik, təkcə Bakı şəhərində deyil, həm də regionlarda ictimai dinləmələr təşkil edir və vətəndaşların, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə bu tədbirləri həyata keçirir”.

QHT.az xəbər verir ki, bu fikirləri "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İB-nin sədri Cəsarət Hüseynzadə Dost TV-də yayımlanan "Ekspert rəyi" verilişində vurğulayıb. QHT sədri həmçinin qeyd edib ki, ictimai iştirakçılıqda əsas vacib məsələlərdən biri qərarların qəbul edilməsində iştirak və ictimai nəzarətin həyata keçirilməsidir: “Dövlət qurumları, ictimai şuraların təkliflərinə adekvat cavab verməli və qəbul oluna biləcək təklifləri həyata keçirməlidir. Eyni zamanda, qeyri-hökumət təşkilatları və ictimai şuralar arasında uğurlu əməkdaşlıq modelləri qurulmalıdır ki, bu da ictimai iştirakçılığın inkişafına və daha səmərəli fəaliyyət göstərməsinə səbəb olur”.

Cəsarət Hüseynzadə həmçinin qeyd edib ki, bu iki informasiya, ictimai şuraların fəaliyyətinin əhəmiyyəti və onların dövlət qurumları ilə əməkdaşlığı mövzusunda daha dolğun təsəvvür yaratmaq üçün nəzərdə tutulub və "QHT.az" saytında yayımlanması məqsədilə hazırlanıb.

 

Pərvanə Fərhadqızı

QHT.az