“İşğaldan azad edilmiş ərazilərdə quruculuğun sosial-iqtisadi aspektləri” mövzusunda tədbir keçirilib - FOTOLAR

Sabirabad rayonunda Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad edilmiş ərazilərdə quruculuğun sosial-iqtisadi aspektləri” mövzusunda tədbir keçirilib.

QHT.az xəbər verir ki, bu barədə “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyin sədri Elnarə Məhərrəmova məlumat verib. O, qeyd edib ki, tədbirdə KOBİA - Sabirabad və Saatlı üzrə Agentliyin nümayəndəsi Piri Hüseynli, Mil - Muğan Regional Məşğulluq filialının nümayəndəsi Səddam Cəfərli və Sabirabad rayon ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edib. İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını və qanını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri ilk öncə layihənin rəhbəri Elnarə Məhərrəmova açaraq layihənin donoru və layihə haqqında məlumat verib. O, həmçinin qeyd etdi ki, bu günə qədər ümumilikdə 1727 ailə, yəni 6 min 754 keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb. Laçın şəhərinə 1838 nəfərdən ibarət 537, Füzuliyə 3132 nəfərdən ibarət 822, Ağalı kəndinə 871 nəfərdən ibarət 175, Talış kəndinə 90 nəfərdən ibarət 20 və Zabuxa 823 nəfərdən ibarət 217 ailə köçürülüb. Bu günkü tədbirimiz məcburi köçkünlərin maarifləndirilməsi yolu ilə böyük qayıdışa ön hazırlıq işlərinin aparılmasıdır.

Sonra layihənin eksperti Rəşad Həsənov çıxış edərək layihə haqqında geniş və ətraflı məlumat verərək qeyd etdi ki, müstəqil Azərbaycanın qarşısında duran birinci prioritet məsələ ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin etmək istiqamətində idisə, artıq bu prosesin demək olar ki, 95% geridə qalıbdır. Detallar üzərində işlər gedir, elimitasiya, demarkasiya, sülh müqaviləsi və s. Burada əsas məsələ artıq yeni bir çağırışdır. Hökumət və hər birimiz qarşısında dayanmış, əsas və vacib məsələ işğaldan azad olunmuş ərazilərdə 35 ildən sonra yenidən bu həyatı bərba etməkdir. Yeni icmaların qurulması, iqtisadiyyatını və sosial infrastrukturunu formalaşdırmaqdır. Artıq ilkin işlər görülməkdədir, daha çox ilkin infrastruktur, yol, elektrik enerjisi, qaz və su təchizatı və s. bu kimi sahələrdə işlər aparılmaqdadır. Bunlar çox vacibdir çünki işğal dövründə tamamilə sıradan çıxarılmış və hətta ondan əlavə də 30-40 il bundan əvvəl mövcud olan baxımsız infrastruktur yenidən qurulmalı idi. Dövlət bu istiqamətdə rassional və ağıllı qərarlarla idarə edərək bu prosesi az xərclərlə quruculuq və bərpa işlərini və məskunlaşma prosesini də sürətləndirməyə çalışır.

Tədbirə dəvət olunmuş Azərbaycan Respublikasının KOBİA - Sabirabad və Saatlı üzrə Agentliyin nümayəndəsi Piri Hüseynli, Mil - Muğan Regional Məşğulluq filialının nümayəndəsi Səddam Cəfərli də öz çıxışlarında DMA və KOBİA-nın bu istiqamətdə gördüyü işlər haqqında geniş məlumat verərək, tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı və iştirakçıların təklifləri dinlənildi.   

Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.