Aslan Əzimzadə: “Struktur böhran yeni fazasına qədəm qoyur”

Dünya iqtisadiyyatında struktur böhran dərinləşməkdədir. Son günlərdə bir sıra birjaların çökməsi, səhmlərin və kriptovalyutaların dəyər itirməsi struktur böhranın geniş fazaya keçməsi haqqında siqnallar verməkdədir. Hələ 4 il əvvəl Professor Elşad Məmmədovla birlikdə apardığımız tədqiqatlar nəticəsində struktur böhranın dərinləşdiyini və yaxın illər ərzində daha ağır fazaya keçəcəyini proqnozlaşdırmışdıq. Lakin bəzi “elm adamları” bu struktur böhranın iqtisad elmində mövcud olmadığını iddia edərək mövcud iqtisadi geriləməni yalnız COVID-19 pandemiyası və Rusiya-Ukrayna konflikti ilə izah etməyə çalışırdılar. Təəssüf ki, proqnozumuz özünü doğrultdu və struktur böhran yeni fazasına qədəm qoydu.

Mövcud böhranı yaradan səbəbləri kompleks təhlil etmək önəmlidir. Lakin bəzi faktorları sadaladığımız zaman deyə bilərik ki, bu gün dünya iqtisadiyyatında maliyyə sektorunun real sektoru üstələməsi zəminində tələb inflyasiyası ilə təklif inflyasiyasının üst-üstə düşməsi böhranı daha da şiddətləndirir. Tələb inflyasiyasının yaranmasının əsas səbəbi dünya valyuta sistemində valyutası aparıcı mövqedə olan inkişaf etmiş ölkələrin öz xərclərini qarşılamaq məqsədilə əlavə pul çap etmələridir. Əgər II Dünya Müharibəsindən sonra maliyyə sektoru dünya iqtisadiyyatının 5 faizini əhatə edirdisə, günümüzdə maliyyə sektoru dünya iqtisadiyyatının təqribən 75 faizini əhatə edir. Çünki, investorlar real sektora pul qoyaraq 4-5 il gözləyib 2-3 faizlik rentabellik əldə etmək əvəzinə qısamüddətli yüksək rentabellilik ilə maliyyə sektoruna pul qoymağa həvəslidirlər. Nəticədə ölkələrdə real sektor məhvə doğru gedir, çünki maliyyə sektoru heç bir əlavə dəyər formalaşdırmır. Belə olan halda ölkələr öz artan xərclərini qarşılamaq üçün əlavə pul çap edirlər ki, bu da tələb inflyasiyasını formalaşdırır. Digər tərəfdən çap olunan pullar real sektora istiqamətlənmədiyi üçün təklif inflyasiyası yaranır.

Aparıcı beynəlxalq iqtisadi təşkilatların inflyasiya ilə mübarizədə səmərəsiz monetar siyasətə əsaslanan tövsiyələri vəziyyəti daha da gərginləşdirir. Əgər böhranın səbəbi qeyri-monetar faktorları da özündə ehtiva edirsə, bu zaman yalnız monetar siyasət ilə böhrandan çıxış strategiyası qurmaq mümkün deyil. Bu səbəbdən ölkələrin böhrandan çıxma alətləri və adaptiv mexanizmləri formalaşmalıdır. Bununla bağlı öz təkliflərimizi müvafiq tədqiqatlarımızda göstəririk. Zənnimcə, bu gün real iqtisadiyyatının hərəkət mexanizmlərini bilən iqtisadçılar olduqca azdır. Düşünürəm ki, bu böhran alternativ iqtisadi məktəblərin formalaşması üçün də bir zəmindir.

 

Aslan Əzimzadə

İqtisadçı- ekspert