QHT liderləri Parlament seçkilərində - Ayaz Hüseynov

Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov 60 saylı Quba-Qusar seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

QHT.az xəbər verir ki, Ayaz Hüseynov Azər oğlu 20 sentyabr 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1994-2005-ci illərdə orta təhsil almış, 2003-cü ildən isə ictimai fəaliyyətə başlamışdır. 2006-cı ildə Azərbaycanda hemofiliya xəstələrinə dair ilk elektron məlumat bankını yaratmışdır. Eyni zamanda, Avropa Komissiyasının dəstəklədiyi layihə çərçivəsində istehlakçıların şikayətlərinin elektron məlumat bankının yaradıcısıdır.

Ayaz Hüseynov, 2005-2008-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin Ortopedik Stomatologiya fakültəsində təhsil almış, daha sonra 2008-ci ildə Rusiyanın Sankt Peterburq şəhərində Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Hemofiliya Mərkəzində Stomatologiya üzrə təhsilini davam etdirmişdir. 2007-ci ildən özəl stomatoloji fəaliyyəti ilə məşğul olmuşdur.

O, 2011-2019-cu illərdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru vəzifəsini icra etmiş, 2017-ci ildən Pasient Təşkilatları İttifaqının sədri, Əlil Təşkilatları İttifaqının vitse-prezidenti, 2018-ci ildən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədr müavini, 2019-cu ildə isə İstedadlı Əlillər İctimai Birliyinin beynəlxalq əlaqələr üzrə sədr müavini seçilmişdir. 2020-ci ildə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri vəzifəsinə təyin olunmuşdur.

Bundan əlavə, Ayaz Hüseynov 2021-ci ildə TƏBİB nəzdində Etik Komissiyanın üzvü təyin edilmişdir. 2017-2021-ci illərdə Xarkov Milli Daxili İşlər Universitetinin hüquq fakültəsində təhsil almış və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hüquqşünas ixtisası üzrə diplom təsdiq edilmişdir.

Ayaz Hüseynov Parlament seçkilərində iştirak etməklə ölkəmizdə vətəndaşların sağlam həyat və sosial rifahın yaxşılaşmasına nail olmağı qarşısına məqsəd qoymuşdur. O, qeyd edir ki, "Seçki nəticələrindən asılı olmayaraq bu günə qədər və bundan sonra da hər zaman cənab prezident İlham Əliyevin yanında olacam və mükəmməl siyasətini dəstəkləyəcəm. Yaşasın bütöv Azərbaycan!"