Yaşıl Dünya və Dayanıqlı İnkişaf: Qlobal trendlər və Azərbaycanın rolu
Qeyd etmək lazımdır ki, dünya təsərrüfat sistemində sənaye inqilablarının formalaşması bir tərəfdən ölkələrin sosial-iqtisadi inkişafının mütərəqqi mexanizmlərinin yaranması ilə nəticələnsə də digər tərəfdən ətraf mühitin qorunması ilə bağlı ciddi problemlərin ortaya çıxmasına səbəb oldu. Xüsusən də 1980-ci illərin əvvəllərində ətraf mühitin pozulmasının iqtisadi inkişafa ciddi maneə olduğunu ifadə edən çox sayda elmi tədqiqatın aparılması ətraf mühit problemlərinə qarşı laqeydliyi ciddi şəkildə sarsıtdı.
Günümüzdə inkişafın başlıca istiqamətlərindən biri ətraf mühitin qorunmasıdır. Belə ki, dayanıqlı inkişaf konsepsiyasının 3 başlıca istiqaməti vardır ki, onlardan da biri məhz ekoloji inkişafdır. Digər tərəfdən dayanıqlı inkişaf üçün üç məqsəd vardır ki, bunlara da ətraf mühitin bütövlüyü, eko-effektivlik və eko-ədalət aiddir. Məhz bu səbəbdən yaşıl dünya və yaşıl iqtisadiyyat konsepsiyaları sözügedən istiqamət üzrə dünya ölkələrin üzləşdiyi riskləri müəyyən mənada azalda bilər.
İqtisadiyyatın aparıcı bloku olan sənayenin dayanıqlı inkişafı məhz enerji daşıyıcılarının təminatı ilə bağlıdır. Bu sahədə yaşıl enerji strategiyasına keçidin təmin edilməsi yarana biləcək ekoloji fəlakətlərə qarşı preventiv bir siyasət kimi qiymətləndirilə bilər. İnkişaf etməkdə olan ölkələr arasında bu gün Türkiyə, Braziliya və Çin yaşıl energetikaya keçid üzrə fərqlənən ölkələrdəndir. Belə ki, əgər BP Dünya Enerjisinin Statistik İcmalına (2022) nəzər salsaq görərik ki, Türkiyədə bərpa olunan enerji generasiyası 2011-ci ildə 5.8 terawatt-saat idisə 2022-ci ildə bu göstərici 10.8 dəfə artaraq 62.7 5.8 terawatt-saat olmuşdur. Digər tərəfdən Braziliyada sözügedən göstərici 2011-ci ildə 35.3 terawatt-saat idisə 2022-ci ildə Braziliyada bərpa olunan enerji generasiyası 4.07 dəfə artaraq 144 35.3 terawatt-saat olmuşdur. Eyni zamanda Braziliya bu gün bioyanacaq enerjisi üzrə dünya lideridir. Çünki, aparılan tədqiqatlara əsasən bioyanacaq enerjisinin başlıca xammalı məhz şəkər çuğundurudur. Braziliya isə şəkər çuğunduru istehsalı üzrə dünya lideri olduğundan özü üçün bioyanacaq xammalını rahat bir şəkildə təmin edir. Çin Xalq Respublikası isə bütövlükdə bərpa olunan enerji sahəsində liderlərdəndir. 2021-ci ildə ÇXR-də bərpa olunan enerji generasiyası 1152.5 terawatt-saat olmuşdur. Müqayisə üçün qeyd olunmalıdır ki, 2011-ci ildə Çində bu göstərici yalnız 104.3 terawatt-saat idi. Çinin sözügedən sahədəki sürətli inkişafı dünya üzrə yaşıl enerji proseslərinin aktuallığını özündə şərtləndirir.
Azərbaycanda isə yaşıl dünya konsepsiyası üzrə dayanıqlı artan trendlər müşahidə edilməkdədir. Belə ki, “Azərbaycan 2030; Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramında göstərilən 5 milli prioritetdən biri də məhz təmiz ətraf mühit və “yaşıl artım” ölkəsidir. Bu istiqamətdə ölkəmizdə mütərəqqi islahatlar aparılmaqdadır. Birləşmiş Ərəb Əmirliklərin “Masdar” şirkətinin Azərbaycanda yaşıl enerjiyə investisiya yatırması məhz bu istiqamətlərdən biri kimi qiymətləndirilə bilər. Digər tərəfdən bu gün Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji proseslərinin mütərəqqi inkişafı üçün ciddi potensial mövcuddur.
Xüsusilə qeyd etmək lazımdır ki, yaşıl enerji prosesləri ölkə rəhbərliyinin daima diqqətində olan prioritet istiqamətlərdəndir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi eyni zamanda ölkəmizin BMT-nin İqlim Dəyişikliyi Konfransı olan COP29-a ev sahibliyi etməsi tarixi hadisə olmaqla yanaşı ölkə rəhbərliyi tərəfindən ekoloji dayanıqlılığın və yaşıl dünya strategiyasının formalaşmasına yönəlik xüsusi diqqətin məntiqi təzahürüdür.
Rüfət Süleymanlı
UNEC Həmkarlar İttifaqı Komitəsinin sədri