Əlzamin kimi vətənpərvər oğulların hesabına Qarabağda Zəfər çaldıq
Vətən üçün doğulanların sanki xarakteri də, boy-buxunu da, sosial həyat tərzi də, savadı, istiqanlılığı, qohumcanlılığı bir ölçü-biçidə olub. Belə gənclərimizin hesabına Qarabağda Zəfər çaldıq: üçrəngli bayrağımızı işğaldan azad etdiyimiz zirvələrdə ucaltdıq!
Təəssüf ki, Qələbə şirin olduğu qədər də acı olur: oğul itkisi daşıyan hər ana, ata, qardaş-bacı, xalq, millət üçün. Belə itirdiyimiz igidlərdən biri də Mustafayev Əlzamin Baxış oğludur ki, 21 iyun 1999-cu ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olmuşdu. Əslən Kəlbəcər rayonundan idi. 2005-ci ildə Tərtər rayonunda fəaliyyət göstərən Kəlbəcər 64 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2016-cı ildə orta məktəbi bitirib. 2017-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ildə Hacıqabul rayonundakı “N” saylı hərbi hissədə hərbi xidmətini başa vuran Əlzamin Mustafayev həmin müddətdə öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Daha sonra xidmətini Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə davam etdirib.
27 sentyabr 2020-ci il tarixdən başlayan Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatlarında Əlzamin Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük igidliklər göstərib. 2 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əlzamin subay idi. O, oktyabrın 3-də (2020-ci il) Tərtər rayonunun Bəyimsarov kəndində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə (ölümündən sonra) “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Mustafayev Əlizaminin qardaşı oğlu Vüsal Mustafayev əmisi haqqında dediklərindən: “Aramızda o qədər yaş fərqi olmadığı üçün qardaş oğlu-əmi münasibətindən çox, qardaş səmimiyyəti olub. Bir yerdə böyümüş, bir qabdan xörək yemişik. Əmimlə bağlı çoxlu xatirələrimiz var. Usaqlıqdan bir yerdə böyüdüyümüz üçün onunla bağlı xatirələrimi bugünki kimi xatırlayıram. Onu da demək istərdim ki, əmim hərbi xidmətdən əvvəl də çox vətənpərvər, qorxmaz, igid kimi tanınırdı. Onun üçün bir Vətən anlayışı həmişə ön planda olub. Əmim, ümumiyyətlə, çətin şəraitdə böyüyüb: 6 yaşında atasını, 16 yasında isə anasını itirib. Buna baxmayaraq, çox qürurlu formalaşmışdi: heç bir çətinlik onun qürurunu sındırmamışdı. Yaşadığı evin üzərində həmişə Azərbaycan bayragı olub.
Əmim 2017-ci ildə həqiqi hərbi xidmətə yola düşdü. 2019-cü ildə xidmətini müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi başlayana qədər müxtəlif işlərdə çalışdı.
Qarabağın işğaldan azad edilməsi üçün 2020-ci ildə Vətən müharibəsinin başlayacağı ilə bağlı arada söz-söhbət gedirdi. Əmim yenidən ordu sıralarına qoşularaq müxtəlif kurslarda, təlimlərdə bir peşəkar hərbiçi kimi daha da formalaşdı. Müharibənin başlanmasına bir neçə gün qalmış bütün yaxınları, qohumları ilə görüşdü. Necə deyərlər, halallaşdı: “...Haqqınızı halal edin”, - dedi.
Həmim vaxt Bakıda təhsil alırdım. Mənə də zəng edib, “haqqını halal et”, - demişdi.
27 sentyabr tarixindəVətən müharibəsi - ikincı Qarabağ savaşı başladı. Bundan bir neçə gün sonra vəziyyətlə bağlı əlaqə saxlaya bilmədik. Səhv etmirəmsə, müharibənin 4-cü günü idi, əmimdən zəng gəldi. Buna necə sevindiyimizi izah edə bilmərəm, çünki həmin müddətdə ağlımızdan hər cür fikir keçirdi. Onun səsini eşitmək mənim, elə hamımız üçün bir möcüzə idi.
Əmimlə hal-xoş etdik. Öyrəndik ki, çətin olsa da, yaralanmasına baxmayaraq, vəziyyəti pis deyil. Səsində böyük sevinc hissi var idi.
Kəlbəcərdən məcburi köçkün olduğumuz üçün vətən, doğma yurd-yuva həsrətinin nə demək olduğunu yaxşı anlayırdıq. Əmim müxtəlif istiqamətlərdə gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdi. Suqovuşan, Ağ uçuq, Gülüstan yaşayış məntəqələrinin azad olunmasında fəal iştirak etmişdi. Atamla danışanda yarızarafat-yarıciddi “Kəlbəcərdəki evimizə catmışıq”, - demişdi. Həmin vaxtlar əmimlə qısa telefon danışığımız olmuşdu:
- O qədər şəhid daşımışam ki, üstüm-başım qandı, amma erməni silahlı quldurlarını, daşnakları məhv eləyirik. Qısa müddətdə bütün torpaqlarımızı geri qaytaracağıq.
Bəli, verdiklərı sözü tutdular: 30 il ərzində işğalda qalan torpaqlarımızı cəmi 44 gündə azad elədilər. Əmimin çiyin-çiyinə döyüşdüyü gizir Pərvizin dediyinə görə, o, öz igidliyi ilə hamının hörmətini qazanmışdı. Şəhadətindən bir gün qabaq Pərvizə belə deyib: “Bəs, yuxuda anamı görmüşəm, məni yanına çağırırdı. Bax, sənə vəsiyyətim: “mən şəhid olsam, anamın yanında dəfn edərsiniz”.
Əfsanəvi tankçı, əmimin döyüş yoldaşı Təhmurazın dediyinə görə, onu yaralı vəziyyətdə mühasirəyə düsərkən əmim çıxarıb təhvil vermişdi. Son döyüşü də Suqovuşan uğrunda olub. Erməni şərəfsizlərin atdığı minaatan mərmisinin yanına düşməsi nəticəsində şəhadət zirvəsinə ucalmışdı. Vəsiyyətinə uyğun olaraq, Bəyimsarov kənd qəbristanlığında, mərhum anasının yanında dəfn olundu. Allah vətən uğrunda canından keçənlərə rəhmət eləsin, ailələrinə səbr versin, amin!”
Cəmilə Çiçək/zekainfo.az
filologiya üzrə fəlsəfə doktoru,
Prezident mükafatçısı
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılan “Qarabağ Zəfərinin innovativ-kreativ təbliği” layihəsi çərçivəsində hazırlanmışdır.