QHT liderləri Parlament seçkilərində - Eyyub Kərimli

1 sentyabr 2024-cü il tarixində Azərbaycanda keçiriləcək parlament seçkilərində bir çox QHT rəhbərləri və nümayəndələri də namizədliyini irəli sürüb.

QHT.az-ın araşdırmalarına görə 24 saylı Nizami birinci seçki dairəsi üzrə İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli də namizədliyini iriəli sürüb.

Eyyub Zöhrab oğlu Kərimli 04 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində doğulub. Ali təhsilli olan Kərimli Dövlət İqtisad Universitetini və İstanbul Universitetində magistr təhsili alıb, iqtisad elmləri üzrə fəlsəfə doktorudur. Əmək fəaliyyətinə tikinti trestində fəhlə kimi başlamış, 2003-cü ildə hərbi xidmətdə olmuşdur. 2007-ci ildən Dövlət İdarəçilik Akademiyasında kurs rəhbəri, aparıcı elmi işçi və müəllim kimi fəaliyyət göstərib. 2014-cü ildən Nizami rayon sakini olan Kərimli bitərəf və müstəqil namizəd olaraq Milli Məclisə növbədənkənar seçkilərdə iştirak edir.

QHT sədrinin seçki platforması aşağıdakı əsas istiqamətlərdə fəaliyyətləri əhatə edir:

1. Seçicilərin Davamlı Dəstəklənməsi

  • Daimi Deputat Ofisi: Seçki dairəsi ərazisində daimi deputat ofisi fəaliyyət göstərəcək.
  • Görüşlər: Ayda ən azı bir dəfə seçicilərlə görüşlər keçiriləcək. Görüşlərin tarixi və yeri hər ayın əvvəlində açıqlanacaq.
  • Müraciətlərin Qəbulu: Deputat ofisində ayrıca “Müraciətlər qutusu” qoyulacaq və hər üç aydan bir müraciətlərin cavablandırılması ilə bağlı hesabat açıqlanacaq.
  • Elektron Müraciətlər: Sosial şəbəkələr və elektron poçt vasitəsilə müraciətlər qəbul ediləcək.
  • Araşdırma və Tədbirlər: Seçicilərin arzu və problemləri öyrənilərək parlament iclaslarında qaldırılacaq, konkret tədbirlər həyata keçiriləcək.
  • Aztəminatlı Ailələrə Dəstək: Aztəminatlı ailələr, müharibə veteranları və şəhid ailələri üçün xüsusi diqqət ayrılacaq, xeyriyyə aksiyaları keçiriləcək, təqaüdlər təsis ediləcək.
  • Deputat Ofisi: Deputat ofisi müzakirə, fikir mübadiləsi və hüquqi yardım mərkəzi kimi fəaliyyət göstərəcək.

2. Qanunvericilik Bazasının Təkmilləşdirilməsi

  • İqtisadi İslahatlar: İqtisadi sahədə islahatların dərinləşdirilməsi, rəqabət imkanlarının artırılması, biznes mühitinin yaxşılaşdırılması tədbirləri həyata keçiriləcək.
  • Sahibkarlıq və İnvestisiyalar: Kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli kredit imkanları yaradılacaq, xarici investisiyaların cəlb edilməsi təşviq ediləcək.
  • Məhkəmə-Hüquq Sistemində İslahatlar: ədalətli məhkəmə sisteminin yaradılması təmin ediləcək.
  • Kənd Təsərrüfatı: Kənd təsərrüfatı sahəsində innovativ aqrotexnologiyalar tətbiq ediləcək və xarici investorlar cəlb ediləcək.
  • İşğaldan Azad Edilmiş Bölgələr: Məskunlaşmanın və iqtisadi inteqrasiyanın sürətləndirilməsi, yeni azad iqtisadi zonaların yaradılması təmin olunacaq.

 

Eyyub Kərimli, seçicilərini “yeniliyə və yeniyə səs verərək rifahınızı yüksəldin” şüarı altında dəstəkləməyə çağırır və onların səsini qazanmaktan qürur duyacağını bildirir.